Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 17-də 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə növbəti görüşünü Yenikənd kəndində keçirib.
Bu barədə Yenicag.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının köməkçisi, 20 yanvar qazisi, prezident təqaüdçüsü Fərman Hüseynov, kənd sakinləri, ziyalılar, şəhid ailələri və qazilər iştirak edib.
Tənzilə Rüstəmxanlı alqışlarla qarşılanıb. Tədbirin əvvəlində dövlət himni səsləndirilib.
Görüşü giriş sözü ilə açan aparıcı Tənzilə xanımın platforması haqqında danışıb, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətini açıqlayıb. O, seçiciləri seçkilərdə fəal iştirak etməyə və xalqın layiqli namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edənlər namizədin 30 ildən çox olan ictimai fəaliyyətindən, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasından söz açıb, Yenikənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlını dəstəkləməyə çağırıblar.
Daha sonra xanım namizəd özü çıxış edib. O, əsas olaraq Neftçaladakı mövcud problemlərə, onların həlli yollarına və bu kimi digər məsələlərə toxunub.
Tənzilə xanım bu gün ölkəmizdə qadınlara göstərilən böyük diqqət və qayğıdan söz açıb, Neftçala xanımlarının da bu işlərdən yararlanmalı olduğunu, neftçalalı qadınların, gənclərin mütləq iş yeri ilə təmin olunmalı olduqlarını vurğulayıb, işsizlik problemindən danışıb.
Xanım namizəd millət vəkili olarsa, cəmiyyətin həssas qrupu olan şəhid ailələrinin və qazilərin problemləri ilə məşğul olacağını və həmişə onların yanında olacağını bildirib.
Sonda kənd sakinləri dinlənilib, təkliflər qeydə alınıb və xatirə şəkilləri çəkilib.