“Təəssüf ki, bu halların qarşısını birdəfəlik almaq mümkün deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın Alfortvil şəhərinin girişində yerləşdirilən yol lövhəsində qondarma “DQR”-in qeyd olunmasına münasibət bildirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib.
Hacızadənin fikrincə, Azərbaycan bu kimi hallara qarşı öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır:
“Bildiyiniz kimi, bu, ilk belə hal deyil – daha əvvəl də buna bənzər situasiyalar yaranıb. Ola bilsin ki, bu təxribat Fransanın həmin şəhərindəki bələdiyyədə oturan yaramaz bir erməninin işidir.
Orada bələdiyyələr real səlahiyyətlərə malikdirlər, belə məsələlərdə özləri qərar verirlər. Bu da o hallardan biridir.
Əlbəttə ki, Azərbaycan buna öz etirazını bildirməlidir. Xarici İşlər Nazirliyi Fransanın xarici siyasət idarəsinə dərhal nota vermək və o lövhənin yığışdırılmasını tələb etmək lazımdır.
Həmçinin, Fransadakı səfirimiz də o şəhərin merinə, yaxud da bələdiyyə sədrinə zəng vurub, həqiqətləri başa sala bilər.
Deyə bilər ki, bu kimi hallar dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə mənfi təsir göstərir, o cümlədən, Fransanın vasitəçilik missiyasına kölgə salır.
Ancaq təəssüf ki, belə halların qarşısını almaq üçün dəqiq mexanizm yoxdur”.
Qeyd edək ki, Fransanın Alfortvil şəhərinin girişində yerləşdirilən yol lövhəsində Azərbaycanın işğal olunan Laçın (ermənicə “Berdzor” – red.) rayonuna istiqamətlənən yol işarəsi qoyulub.
A. Zeynalov