Dərman bazarında hansı yeniliklər olacaq?

105129_res_01Sentyabrın 15-dən dərmanlar yeni qiymətlərlə satılacaq. Yeniliklərdən biri də resept blankının tətbiqi ilə bağlı olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyi isə dərmanların qiymətinin üzərində göstərilməsi üçün yeni qaydaları təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin 2015-ci il, 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası”na uyğun olaraq, “Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları” təsdiq edilib.

Bu üsullara əsasən, qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, seçimdən asılı olaraq, qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştamp vasitəsilə vurmaqla göstərilməlidir.

Dərman vasitəsinin pərakəndə satış qiyməti onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi tərəfindən vurulmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.

Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.

“Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları” ilə İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Səhiyyə Nazirliyinin dərman vasitələri haqqında elektron məlumatlar bazasında (www.pharma.az), eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (www.consumer.gov.az) və Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) internet səhifələrində tanış olmaq olar.(virtualaz.org)