Dərman inhisarçısı yenə sabotaja əl atır

125324_res_01Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə sahib olan “Avromed” firması dolların məzənnəsinin kəskin dəyişməsi ilə əlaqədar apteklərə dərman verilməsini dayandrıb.

Bu barədə virtualaz.org saytına əczaçılıq sektorundakı mənbələr bildiriblər.

Əməkdaşımızın Bakının bir neçə aptekində apardığı sorğu bu məlumatı təsdiqləyib. Məlum olub ki, apteklər demək olar ki, Yeni ilin əvvəlindən “Avromed”in anbarlarından dərman ala bilmirlər. Nəticədə apteklərdə mövsümü xəstəliklərə qarşı dərmanların əksəriyyəti yoxa çıxıb, hətta baş ağrısına qarşı adi dəmanları (“Spazmalgon”, “Sitramon” və s. ) apteklərdə tapmaq mümkün deyil. Tapılanda isə bu dərmanla Tarif Şurasının müəyyən etdiyi qiymətdən az qala iki dəfə baha təklif edilir.

Əczaçılar bildiriblər ki, “Avromed” apteklərə dərman verilməsini ancaq bu gün bərpa etməyə hazırlaşır. Lakin dərmanların qiymətinin artacağı da gözlənilir. Çünki firma dolların manata nisbətdə məzənnəsinin kəskin artmasını əsas gətirərək dərmanları köhnə qiymətə satmaq istəmir.

Xatırladaq ki, ötən ilin fevralında manatın birinci devavasiyasının ardınca da analoji vəziyyət yaranmışdı və apteklərdə dərman qıtlığı yaranmışdı. Daha sonra açıqlandı ki, dərman bazarını inhisarda saxlayan firmalar prezidentin dərmanları bahalaşdırmamaq barədə göstərişindən sonra sabotaja əl atıblar və apteklərə dərman verilməsini dayandırıblar. Hansı ki, bu firmaların əslində dərmanları dəyərindən bəzən 10 dəfə baha satdığı məlum olmuşdu.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında inhisarçılığa və soyğunçuluğa son qoymaq üçün qəti tədbirlərin görülməsini tapşırdı. Bundan sonra Tarif Şurası dərman pereparatlarının ölkə üzrə vahid satış tariflərini müəyyən etdi. Nəticədə əksər dərmanlar xeyli ucuzlaşdı. Lakin manatın ikinci devalvasiyasından sonra dərman firmaları Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə işləməkdən faktiki olaraq imtina edir. Üstəlik dolların “qara bazar” kursunun tez-tez dəyişməsini əsas gətirərək anbarlarının qapılarını da bağlayıblar.

Xatırladaq ki, prezident Nazirlər Kabinetinin sonuncu iclasında da manatın devalvasiyasındn sui-istifadə edənlərə qarşı sərt tədirlərin görülməsini tapşırıb. Hüquq-mühafizə orqanları artıq “Alfa-med” firmasının və bəzi broyler fabriklərinin rəhbərlərinə qarşı qiymətləri süni şəkildə artırmağa görə cinayət işi qaldırıb.