Dərsi pulla satan direktor “xəbərdarlıq” aldı

301 saylı məktəbin direktoru Sevda Sarıyeva haqqında yayılan məlumatlarda müəyyən korrupsiya faktları əksini tapıb. Müəllimlərin dedikləri təsdiqlənərsə, bu, ciddi qanun pozuntusudur və hüquqi tədbirlər görülməlidir. Əgər belə bir addım atılarsa, bu, digər məktəb direktorları üçün də bir mesaj olar.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Bakının 301 nömrəli tam orta məktəbinin bir qrup müəlliminin direktor Sevda Sarıyevanı dərs saatlarını rüşvətlə bölüşdürməkdə ittiham etməsi haqda danışarkən deyib.

O bildirib ki, Sevda Sarıyevanın Binəqədi rayonu 3 nömrəli məktəbdə müavin işlədiyi vaxt idarəçilik qabiliyyəti yaxşı idi:

“Ancaq direktor olduqdan sonra bu cür iddiaların ortaya çıxması təəssüfedicidir. Bildiyim qədərilə məktəbin bir korpusunu qəzalı vəziyyətdə olduğu adı ilə kirayəyə verib. Belə faktların olması da özlüyündə müəyyən problemlər yaradır. Burada da korrpupsiya faktı varsa, şəxs haqında ölçü götürülməlidir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavabda məsələ ilə bağlı araşdırmaların davam etdiyi vurğulanıb.

“Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir. Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, məsələ ictimailəşdikdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sevda Sarıyevaya vəzifə icrasına səhlənkar yanaşdığı üçün xəbərdarlıq verildiyini açıqlayıb.

Xatırladaq ki, sözügedən məsələ ilə bağlı məktəbin müəllimləri daha əvvəl “Yeni Çağ” Media Qrupuna müraciət etmişdilər. Onlar paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın fəaliyyətinə dair bir sıra iddialar irəli sürmüş, hətta direktorun dərs saatlarını rüşvətlə bölüşdürdüyünü, eləcə də pedaqoji heyəti təhqir və təhdid etdiyini bildirmişdilər.

Məqaləni buradan oxuya bilərsiniz.