!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Devalvasiya nə zaman baş verəcək?

!Reklam – Yazi

26784Natiq Cəfərli: “Yumşaq devalvasiya şəkildə gündəlik və ya həftəlik addımlarla manatın dəyərdən düşməsi prosesinin şahidi ola bilərik”

Azər Mehtiyev: “Hökumət kəskin devalvasiyadan yan keçərək, manatın məzənnəsində dünya bazarında baş verən proseslərə uyğun olaraq tədrici dəyişikliklər yolunu tuta bilər”
2016-cı ilin iqtisadi durumu ilə bağlı prezident öz narahatlığını bildirib. Həm də deyilir ki, manat devalvasiya olmayacaq. Lakin bir sıra ekspertlər uzun zamandır iddia edir ki, manatın yenidən devalvasiyası baş verə bilər. Xatırladaq ki, bu ilin fevral ayında manat kəskin devalvasiyaya uğradı. Artıq seçkilər də bitdi.

Görəsən, manatın devalvasiyası nə zaman olacaq? Ümumiyyətlə, olacaqmı, bu proses gözləniləndirmi?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında yumşaq devalvasiya şəklində manatın dəyərdən düşəcəyini istisna etmədi: “Cari ilin fevral ayında olduğu kimi kəskin devalvasiyanın ola biləcəyi ehtimalı aşağıdır. Çünki, Azərbaycan hökuməti, Mərləzi Bankı da anladı ki, kəskin devalvasiyanı iqtisadiyyat həzm edə bilmir. Bu gün ölkədə baş verən total iqtisadi problemlərin kökündə dayanan əsas məsələlərdən biri də məhz kəskin devalvasiya oldu. Azərbaycan iqtisadiyyatı bu hadisədən hələ də özünə gələ bilmir. İş yerlərinin qapanması, iş aktivliyinin azalması da bununla bağlıdır. Ona görə də fikrimcə, kəskin addımlar atmaqdan Mərkəzi Bank və hökumət qaçacaq. Amma üzən məzənnə adı altında prosesin yaxınlarda tətbiqinə başlayacaqlar. Yumşaq şəkildə gündəlik və ya həftəlik addımlarla manatın dəyərdən düşməsi prosesinin şahidi ola bilərik. Amma üzən məzənnə strategiyasına keçmək üçün prosesə ciddi hazırlıq görülməli idi. Banklararası valyuta birjası normal şəkildə fəaliyyət göstərməli idi. Ölkəyə valyuta gətirən onlarla, yüzlərlə şirkət olmalı idi ki, üzən məzənnə daha rahat şəkildə tətbiq edilsin. Bütün bu proseslər olmadığı halda sadəcə üzən məzənnə adı altında manatın yumşaq devalvasiyasının həyata keçirilməsi prosesi olacaq. Nəyabrın sonu, dekabrın əvvəllərindən başlayaraq bu prosesi getdikcə daha ciddi şəkildə hiss edəcəyik. Çünki Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti də buna sövq edir. Hazırda Azərbaycan nefti 50 dollardan aşağı qiymətə satılır. Uzun zamandır ki,belədir və yaxın gələcəkdə qiymətin daha da aşağı düşməsi ehtimalı vardır. Çünki yaxın zamanlarda sanksiyaların bir qisminin qaldırılması ilə İran da bazara daxil olacaq. Yəni neftin qiymətinin daha da aşağı düşməsi manata basqıları daha da artıracaq. Ona görə də yəqin ki, cari ilin sonuna qədər yumşaq devalvasiyanın şahidi olacağıq. Bu prosesin hansı səviyyələrə qədər davam edəcəyini söyləmək isə çətindir. Düşünürəm ki, Mərkəzi Bank kəskin addımlardan qaçmağa çalışacaq. Həftəli artımların 1 qəpik, bir qəpik yarım üzərində olacağını gözləmək mümkündür. Belədə ilin sonuna qədər 1 dollar 1 manat 10 qəpik səviyyəsində ola bilər. Gələn il hansı “sürpürüzlərin” olacağına gəldikdə isə, bu neftin qiymətinin hansı səviyyələrdə, həm də ölkədə iqtisadi aktivliyin hansı vəziyyətdə olacağından asılıdır. İqtisadi aktivliklə bağlı hökumət ciddi addımlar atmasa gələn il müstəqillik tariximizdə ən ağır il olacaq”.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehtiyev də bu qənaətdədir ki, hökumət sözügedən məsələdə tədrici dəyişikliklər yolunu tutacaq: “Deyilirdi ki, Azərbaycanda seçkilərə qədər manatın məzənnəsinin sabit saxlanılması gözlənilir və nə baş verəcəksə seçkidən sonra olacaq. Artıq seçkini də yaşadıq. Hər halda avqust-sentyabr aylarında olan gərginlikdən Mərkəzi Bank ötüşdü. Bu dövrdə neftin qiymətinin kəskin aşağı düşmə dövründə manatın məzənnəsini qoruyub saxladılar. Hazırda da proses nisbətən sakit tərzdə gedir. İqtisadi fəallıq seçkilərə görə dayanmışdı. Prezidentin son fərmanları da sahibkarlıq mühitində bir dəyişikliyin olmasına ümid yaradır. Bu da təbii ki, manata olan təzyiqi azaldan amil sayılır. Ancaq nəzərə alsaq ki, dünya bazarında neftin qiymətilə bağlı hələlik dəqiqlik yoxdur, xüsusən ilin sonuna ABŞ-da faiz dərəcələrinin qaldırılması ilə bağlı gözlənilən hadisələr fonunda manata təzyiq qalır. ABŞ-ın öz neft ehtiyatının müəyyən bir hissəsini satmaqla bağlı xəbərlər, uçot dərəcəsini qaldırmaq niyyəti, İranla İraqın neft hasilatını artırmaqla bağlı gözləntilər yenə də neftin qiymətinin daha da aşağı düşəcəyi ehtimalını yaradır. Bunlar baş verərsə, manata təzyiq bir qədər də artacaq və hökumətin manatın məzənnəsini saxlamaqda problemləri yarana bilər. Ancaq hazırda prosesin sakitliyi onu söyləməyə əsas verir ki, hökumət kəskin devalvasiyadan yan keçərək, manatın məzənnəsində dünya bazarında baş verən proseslərə uyğun olaraq tədrici dəyişikliklər yolunu tuta bilər. Bu da kəskin devalvasiyadan qaçmağa kömək edər və manat üzən kursa deyil, sadəcə olaraq Mərkəzi Bank tərəfindən tədricən məzənnəsi aşağı salınan bir siyasət həyata keçirilə bilər”.

 

ELÇİN

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv