Dəyərlər sisteminə təcavüz və yaxud Azərbaycandakı Trampərəstlər: “Siyasət də gözümün önündən düşdü”

“Rusiyanın çöküşü ərəfəsində Trampın belə bir dəyərlər sisteminə təcavüz etməsi anlaşılan deyil”.

Bu sözləri ABŞ-ın Ukrayna ilə bağlı dəyişən mövqeyi, Avropa İttifaqının artan rolu və Rusiyanın dayandırılması üçün atılacaq addımları Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

O, bildirib ki, ABŞ-ın atdığı addımlar anlaşılan deyil:
“Obrazlı ifadə etsək, dünyada xeyirlə şərin mübarizəsi gedir. Şər üçbucağı – Rusiya, Şimali Koreya və İrandır. Xeyir tərəf isə demokratik dünyadır. ABŞ demokratik qütbün nüvəsi sayılırdı. SSRİ dağılandan sonra postsovet və Şərqi Avropa ölkələri üzlərini ədalətli bir məkana tutmuşdular. Hesab edilirdi ki, ABŞ və Avropa İttifaqı demokratiyanın beşiyidir, dəyərlər sistemi pozulmazdır. Qanunun aliliyi olan bir cəmiyyət, seçki sisteminin mükəmməlliyi və cəmiyyətin idarə olunması ABŞ-ni bir cazibə qüvvəsi edirdi. ABŞ-nin iqtisadi və siyasi sistemi insanları özünə çəkirdi”.

“Rusiyanın çöküşü ərəfəsində Trampın belə bir dəyərlər sisteminə təcavüz etməsi anlaşılan deyil. NATO kimi bir müdafiə blokunun sarsıdılması, Avropa İttifaqı ilə ABŞ arasında ciddi bir qüsur yaratması bəşəriyyət üçün tənəzzüldür. Dəyərlər sisteminə zidd olaraq dövlətləri parçalamaq, bölmək siyasi tərbiyəsizlikdir. Azərbaycanda da bəzi siyasətçilər, partiya sədrləri Trampərəst olublar. Ömrünü siyasətə həsr etmiş adam kimi deyirəm, siyasət də gözümdən düşdü”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd