İyulun 24-də Bərdənin Hacallı kəndində baş verən dəhşətli hadisə bütün ölkənin gündəmini zəbt etdi.
Yenicag.az xəbər verir ki, kənd sakini 1968-ci il təvəllüdlü Saday Əliyev gecə vaxtı yuxuda olan arvadı Gülbəniz Əliyevanı (1973-cü il təvəllüdlü) və iki uşağı – 14 yaşlı Muradla 18 yaşlı Məleykənin başına “kuvald”la zərbə endirib, daha sonra özünü asaraq öldürüb.
Saday Əliyevin zərbəsindən sonra Gülbəniz yerindəcə keçinib. Uşaqlar isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Əldə etdiyimiz məlumata görə, Gəncə xəstəxanasına çatdırılan uşaqların ikisi də əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə kənd sakinləri saytımıza açıqlamalarında bildiriblər. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Hacallıda bu dəhşətdən hamı şoka düşüb:
“Saday xəstələnəndən sonra əsəbləri pozulmuşdu. Müalicə olunsa da heç bir təsiri olmayıb. Deyib ki, mən ölürəmsə, elə hamımız ölək. Valideynləri xəbərdarlıq etsə də, Saday heç kimi eşitməyib. Ailə üzvləri gecə yatandan sonra durub “kuvald”la hamısına zərbə endirib. Sadayın öldürməyə çalışdığı uşaqlar Gəncədə əməliyyat olunub. Oğlu Murada “kuvald”la necə vurubsa, uşağın çənəsi qarnına dolub. Qızı Məleykəni də başından vurub. Elə dəhşətli mənzərə idi ki… Qızın beyninin içi görünürdü. Arvadının da başı əzilib, yastığa yapışmışdı. Kənddə hamı şokdadır. Saday da sonra özünü asıb öldürüb. Həkim Sadaya demişdi ki, səndə “xərçəng” var. Xəstəlik onun əsəblərinə təsir edirdi, beynində quruma gedirdi. Sadayla arvadı Gülbəniz əmi uşaqları idilər. Sakit adam idi. Dələduzluq edən biri deyildi. İçki də içmirdi. Bədbəxtin yaxşı şəraiti də vardı”.
Qeyd edək ki, Saday Əliyev öldürdüyü arvadı ilə kənd qəbiristanlığında dəfn olunub.