Deyr-az-Zor məğlubiyyətinin gizlinləri – Rus mətbuatı niyə susur?

Xəbər verildiyi kimi, bu günlərdə ABŞ hərbi təyyarələri Deyr-az-Zor yaxınlığında hücuma keçməyə çalışan Suriya ordusu və onlara kömək edən Rusiya qüvvələrinə sarsıdıcı zərbələr endirərək, xeyli sayda rus və suriyalı hərbçinin məhv edilməsinə nail olub. Mediada bu istiqamətdə xəbərlər geniş yer alıb. Amma nədənsə, Türkiyənin bir rus təyyarəsini vurmasına görə vaxtilə vay-şüvən qoparan Kreml Vaşinqtonun hərəkətinə ümumiyyətlə münasibət bildirməyərək, susmağa üstünlük verir.

ABŞ müdafiə naziri C. Mettisin insidentə münasibət bildirməsi və PYD “generalı Hasanın mətbuata açıqlaması fonunda Rusiya Müdafiə Nazirliyi və rəsmilərinin susması, dolayısıyla insidentin təsdiqi kimi qəbul olunur. Rusiya prezidentinin koməkçisi Dmitri Peskov rusiyalıların həmin zonada çoxsaylı itkiləri haqqında xəbərlərə münasibət bildirərkən, deyib ki, “Kreml Rusiya hərbi qulluqçularından başqa Suriyada hərbi əməliyyatlarda iştirak edən rusiyalılar haqqında məlumata malik deyil”.

Görəsən, nədən Rusiya indiki halda Suriya torpağında verdiyi ağır itkiləri boynuna almaq istəmir?

Politoloq Taleh Əliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Kremlin rus hərbçilərinin Deyr-az-Zorda ağır duruma düşməsini ictimailəşdirməkdən yayınması Rusiyada yaxınlaşan prezident seçkilərilə bağlıdır:

“Ümumiyyətlə, bir qayda olaraq, hər bir ölkə öz ərazisindən kənarda apardığı hərbi əməliyyatlarda verdiyi itkiləri maksimum dərəcədə gizlətməyə çalışır. Bu da ondan irəli gəlir ki, yaranmış vəziyyətdən istifadə edərək, ölkə ictimaiyyəti və müharibədə həlak olanların doğmalarının hakimiyyətə qarşı daha sərt və radikal çıxışlarının baş verməsinin qarşısını ala bilsinlər. Xüsusən də siyasi müxalifət belə hadisələrdən öz ölkələrinin hakimiyyətlərinə qarşı təbliğat vasitəsi kimi istifadə edir. Bildiyiniz kimi, Rusiya da növbəti prezident seçkiləri ərəfəsindədir. Deyr-az-Zor yaxınlığında baş verən hadisədə xeyli sayda rus hərbçisinin ölümü həm də ABŞ-la Rusiyanın hərbi texniki imkanlar baxımından nəyə qadir olduqlarının bariz göstəricisidir.

Yəni müharibə şəraitində birinin digərinə üstün gəlməsi məsələsi də var ki, son olay da hərbi texniki imkanlar baxımından Moskvanın hələ də ABŞ-dan geri qaldığını nümayiş etdirdi. Moskva həm də bu baxımdan Suriyada xeyli sayda itki vermələrinin ictimailəşməsini istəmir. Çünki Kreml hakimiyyəti həmin hadisənin seçkilər ərəfəsi Putin üçün heç də məqbul olmayan əks-təbliğat vasitəsinə çevrilə biləcəyindən çəkinir. Həmçinin, ola bilsin, Suriyadakı rus hərbçilərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərməmək üçün bu olay ümumən gizlədilir”.

ELÇİN