DGK-nin idarə rəisi Hacı Salayevin adı keçən məhkəmə prosesində ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin növbəti iclası keçirilib.

“Unikal”ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Bağır oğlu Məmmədov zərərçəkmiş qurumun nümayəndəsi qismində ifadə verərək bildirib ki, təqsirləndirilən Tural Nəcəfovu MMC rəhbəri kimi tanıyıb: “2 müqavilə üzrə lahiyə hazırlayıb, sənəd göndərib bizim komitəyə. Bu müqavilə üzrə 265 min 721 min manat fasad işlərinə görə, bir də 10 ədəd turnigetə görə 146 min 534 manat rəsmi qayda da Turalın rəhbəri olduğu MMC-yə pul ödəmişik. Müqavilə müddəti 8 aylıq olub. Ancaq heç bir iş görməyib, pullarıda mənimsəyib. Tələbimiz odur ki, dövlətə vurduğu ziyanı ödəsin”.

Məhkəmənin gedişində təqsirləndirilənin vəkili Tural Nəcəfovun həmin məbləğdən Lüksemburq dövlətində olan istehsalçıya 33 min manat ödədiyini məhkəmə heyətinin nəzərinə çatdırıb.

Növbəti məhkəmə prosesi 23 iyul tarixinə kimi təxirə salınıb.

İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.

O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə 412 min manat ziyan vurub.

Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.

Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib.

Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

COP29