Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: “Bu, bizim üçün ölümə bərabərdir” – ŞİKAYƏT

“İndi bu addımı belə “əsaslandırlar” ki, guya xəstələrin “qayğısına” qaldıqları üçün bizi digər dializ mərkəzlərinə paylaşdırmaq istəyirlər”.

Yenicag.az-a müraciət ünvanlayan Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ şöbəsində müalicə alan I qrup əlillər bəzi məmurların xəstələrin maraqlarına uyğun olmayan və onların sağlamlığını təhlükəyə atan qərarlar qəbul etdiklərini bildiriblər.

Xəstələrin verdiyi məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), bir neçə ay əvvəl hemodializ şöbəsini ləğv edərək, onun bazasında COVID-19 xəstələri üçün müalicə bölməsinin təşkilinə qərar verib.

Xəstələrin adından redaksiyamıza müraciət edən Müzəffər Vəliyev bildirib ki, fikirlərini soruşmadan onların şəhərin uzaq nöqtəsində yerləşən digər hemodializ mərkəzinə göndərilməsi planlaşdırılıb:

“Bu tədbirin pərdəarxası məqamı ondan ibarətdir ki, xəstəxananın direktoru Musa Abbasov hemodializ şöbəsinin binasını satmaq fikrinə düşüb və məlumata əsasən, burada özəl stomotoloji klinika yaratmaq istəyir. Ancaq yerdəyişmə zamanı müxtəlif neqativ halların yaranmasının, o cümlədən, xəstələrin uzun illərdir, etibar qazanmış tibbi personalın xidmətindən kənarlaşdırılmasının onların sağlamlığına vuracağı zərbənin qarşısını almaq məqsədi ilə xəstələr öz etirazlarını bildiriblər.

Xəstələrin ölkə rəhbərliyinə müraciət etməsindən sonra TƏBİB tərəfindən komissiya təşkil olunub. Hemodializ şöbəsinin yerləşdiyi binanın texniki vəziyyəti araşdırılıb və mövcud şəraitin (ventilyasiyanın olmaması ,qırmızı və sarı zonaların yaradılmasının qeyri-mümkünlüyü və s) COVID-19 virusunun müalicəsi üçün müvafiq olmaması barədə rəy verilib. Nəticədə yuxarıda göstərilən əmr ləğv edilib.

Lakin biz bu qərara sevinməyə imkan tapmadıq. Xəstəxananın baş həkimi Musa Abbasov bir müddət keçdikdən sonra öz planını bu dəfə Respublika Dializ Komissiyasının rəhbərliyində təmsil olunan Mirhəşim Cavadov və Fariz Babayevin əli ilə yenidən həyata keçirmək fikrinə düşüb.

İndi bu addımı belə “əsaslandırlar” ki, guya xəstələrin “qayğısına” qaldıqları üçün bizi digər dializ mərkəzlərinə paylaşdırmaq istəyirlər. Qeyd etmək lazımdır ki, bizim hemodializ şöbəsi bütün parametrlərinə görə ölkənin ən müasir səhiyyə bölməsi və qabaqcıl kollektividir.

Digər mərkəzlərlə müqayisədə buranın iş üslubu müsbət mənada fərqlidir. Bir faktı qeyd edim ki, o biri mərkəzlərdə hepatit və COVID-19 infeksiyasına yoluxma halları baş versə də, bizim mərkəzdə belə hallar olmayıb. Ona görə də, bizim mərkəzdəki xəstələrin başqa şöbələrə göndərilməsi xəstələr üçün ölümə bərabər olacaq”.

Müzəffər Vəliyev növbəti dəfə ölkə rəhbərliyinə müraciət edərək, problemin həlli üçün yardım istəyib:

“Sizdən xahiş edirik ki, yuxarıda göstərilən nahaqq işin qarşısını alasanız və bizim kollektivə kömək edib, Neftçilər xəstəxanasının hemodializ şöbəsinin məhvinə imkan verməyəsiniz”.

COP29