Diaspora arxa qapıdan kimlər girmək istəyir? – Qara piar kampaniyasının pərdəarxası

Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) avqust ayının 3-də diaspora liderlərini Azərbaycana toplayaraq tədbir keçirib. Bir sıra diaspor liderinin Azərbaycana gəlməsi, onların mükafatlandırılması və tədbirin müxtəlif maneələrə rəğmən baş tutması bəzi qüvvələrin yuxusunu qarışdırıb. Ona görə də, mənbəyi, mənşəyi bəlli olmayan, uzun illərdən bəri Azərbaycan dövlətini sevən insanlara qarşı çamur atma yeri olan reket sayt vasitəsilə keçirilmiş tədbirə kölgə salmağa çalışıblar. Həmin sayt bu gün də Azərbaycanın çox önəmli qurumlarını şantaj etməklə məşğuldur və bu barədə ölkənin nüfuzlu media qurumlarında dəfələrlə narazılıq bildirilib.

Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Mükafat faktoru ortada varsa, bəzi şəxslərin özünü digərindən daha çalışqan hesab edib, iddialı olub, sonra narazı qalmaları anlaşılandır. Çünki diaspora fəaliyyəti ilə məşğul olan hər kəs özünü mükafata layiq görür. Hər kəsə görə onun fəaliyyəti əvəzolunmazdır. Onun üçün bu şəxslərin iradlarını, narazı qaldıqları məqamları anlayışla qarşılamaq mümkündür, təbii ki, iradlar digərlərinin hüquqlarını pozmursa.

İkinci qrup isə məqsədli şəkildə qərəz nümayiş etdirən, dərdi üzüm yemək deyil, bağbanı döydürmək olan, dövlətlə QHT-lər, diaspor təşkilatları arasında fitnə-fəsad yaratmaq istəyənlərdir. Məhz onlar saxta profillərlə, E-mail ünvanlarıyla ayrı-ayrı diaspor liderləri arasında aragəzənlik edir, ADİM haqqında yalan xəbərlər yayaraq, ictimai rəyi çaşdırmaq istəyirlər.

Tədbirə kölgə salanlar və bundan başqa şeylər umanların diqqətinə çatdırılır ki, Azərbaycan Diasporu İnformasiya Mərkəzi müstəqil, heç bir dövlət qurumu qarşısında öhdəçiliyi olmayan hüquqi şəxsdir. Fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə görə nizamlayan mərkəz bütün qurumlarla bərabərhüquqlu əməkdaşlığa hazır olduğunu bildirib, fəqət hansısa quruma bağlılıqla əlaqədar iddialar quru iftiradır.

Toğrul Allahverdili bildirib ki, onun sözləri qəsdən təhrif edilir:

“Bu məsələdə mənə dəstək verən qurumların adlarını həm saytda, həm də tədbirdəki bannerlərimizdə açıq şəkildə göstərmişik. Bu qurumların arasında Diaspor Komitəsi yoxdur. Əlbəttə ki, biz Diaspor Komitəsinin daim yanındayıq və daim dəstəyimizi göstərmişik, çıxışımda da onlara uğur arzulamışıq. Ancaq biz heç bir quruma, o cümlədən Diaspor Komitəsinə bağlı deyilik və bu barədə yayılan söz-söhbət fitnəkarların oyunudur. Şəxs olaraq Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azərbaycan-Türkiyə evinin icraçı direktoru olmaq mənim üçün hər şeydən üstündür və əlavə imtiyaza ehtiyacım yoxdur”.

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri bildirir ki, “Əlbəttə, bu bizim ADİM olaraq, ilk böyük tədbirimiz idi və hər kəsdən nöqsanlarımız olacağı təqdirdə, anlayışla qarşılamalarını rica etmişdik. Vətənimizə gələn diaspor liderlərini bir araya toplayıb, gözəl bir iş ortaya qoyduq. Təbii ki, hər kəsə eyni anda mükafat vermək imkansızdır. Biz bu ənənəni davam etdirəcəyik və gələcəkdə digər fəal diaspor liderlərini də mükafatlandıracağıq. Əlbəttə, qüsursuz olan yalnız Uca Allahdır və biz diaspordakı dostlarımızdan proses zamanı hansısa yanlışlıqlar olubsa, gəncliyimizə bağışlamalarını rica edirik”.

Maraqlıdır ki, tədbir əleyhinə qaralama kampaniyası reket saytda getsə də, yazı “modern.az” saytının redaksiyasında hazırlanıb. Bu fakt həmin yazıda adı çəkilən millət vəkili Aydın Mirzəzadə ilə danışıq zamanı üzə çıxıb. Belə ki, deputatdan açıqlama almaq üçün zəng edən şəxs özünü “modern.az” saytının əməkdaşı kimi təqdim edib, ancaq yazı başqa saytda yayımlanıb.

Məsələ ilə bağlı Aydın Mirzəzadə bunları deyib:

“2 gün öncə modern.az saytından bir nəfər jurnalist qız mənə zəng edərək sayt üçün müsahibə almaq istədi. Mənə bildirdi ki, mənim bir gün öncə diaspora rəhbərlərinin mükafatlandırılması tədbirində iştirak etməyimdən məlumatlıdırlar. Qeyd etdi ki, Diaspora Komitəsi həmin tədbirlərlə heç bir əlaqəsinin olmadığı barədə bəyanat yayıb. Mənim jurnalistə inanmamaq və hər məlumatı da müsahibə verəndə yoxlamaq imkanım yoxdur. Məhz modern.az üçün müsahibə verdim. Tədbirdə iştirak etdiyimi, tədbirdə hər hansı problemin olmaması ilə bağlı fikrimi dedim. Eyni zamanda bildirdim ki, diaspora təşkilatları fəaliyətində Diaspora Komitəsi ilə əməkdaşlıq etsinlər. Sonradan isə gözləmədiyim halda açıqlamam modern.az-da deyil, adını birinci dəfə eşitdiyim o saytda çıxdı. Ən maraqlısı odur ki, sonradan bildim mənə yalan informasiya veriblər, mənim müsahibəmi diaspora təşkilatlarının fəaliyyətinə kölgə salmaq üçün istifadə etməyə çalışıblar. Jurnalistikada belə halları pisləyirəm. Yenə deyirəm, tədbir yüksək səviyyədə keçdi. Tədbirdə bir çox diaspora təşkilatlarının rəhbərlərini gördüm”.

Azərbaycan dövlətçiliyinə qarşı təxribatçı yazıları ilə tanınan saytda çıxan materialın əslində “Modern.az” saytının əməkdaşı tərəfindən hazırlanması məsələsinə Toğrul Allahverdilinin münasibəti isə belə olub:

“Hesab edirəm ki, bu yazı mənə və mənsub olduğum düşərgəyə münasibətdir. Çünki 2 il bundan öncə bizim dostlarımız mediaya aid mükafat təsis etdiyi zaman bu sayt ayrı-ayrı şəxslərdən aldığı açıqlamaları kontekstdən çıxararaq qara piar aparırdı. Biz bilirik ki, bizə daş haradan atılır. Bizi bu gün dövlət qurumları ilə üz-üzə qoymaq istəyirlər. Ancaq biz əsla dövlətimizlə üz-üzə gəlmərik. Öz fəaliyyətimizi dayandırarıq, ancaq dövlətimizlə üz-üzə gəlmərik. Hesab edirik ki, Fətullah Gülənin azərbaycanlı olduğu ilə bağlı yalanlara sığınıb, Azərbaycanda Fətullah Gülənə müsbət imic formalaşdırmaq istəyənlər, bu gün FETÖ qarşısında olduğumuz üçün bizi hədəf seçiblər. Mən hörmətli Elşad Eyvazlının bu məsələdən xəbərdar olduğu qənaətində deyiləm və ən azından inanmaq istəmirəm. Üç gündür ki, mənə də çox zənglər gəlir, ancaq biz inanmaq istəyirik ki, modern.az üzərindən bizə qarşı yürüdülən kampaniya Elşad bəyin dəstəyi ilə çözüləcək. Bununla bağlı əlimizdə konkret faktlar var”.

Qeyd edək ki, həmin yazıda, tədbirdə iştirak edən şəxslərin tədbirlə bağlı mənfi fikirlər söylədiyi bildirilir. Həmin şəxslərin millət vəkili Aydın Mirzəzadə ilə yanaşı Kipr-Azərbaycan dostluq cəmiyətinin sədri Orxan Həsənoğlu, Türkiyə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin başqanı Cəvahir Əhmədova olduğu bildirilir.

Kipr-Azərbaycan dostluq cəmiyətinin sədri Orxan Həsənoğlu məsələ ilə bağlı bildirib ki, heç bir jurnalistlə bu barədə danışığı olmayıb:

“Bizim adımızdan istifadə ediblər. Buna görə də, sayt rəhbərliyi bizdən yazılı surətdə üzr istəməlidir. Biz nə açıqlama vermişik, nə də hansısa jurnalist bizimlə əlaqə saxlayıb. Tədbirdə iştirak etmişik və heç bir narazılığımız olmayıb”.

Adından istifadə edilən Türkiyə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin başqanı Cəvahir Əhmədova isə açıqlamasında bunu deyib:

“Mən heç kimlə danışmamışam və heç kim məndən müsahibə almayıb. Tədbirə gəldikdə isə çox razı qaldım. Bizi vətənə gətirdilər, əməyimizi qiymətləndirdilər”.

Qısacası, ortada ciddi bir qara piar kampaniyası var və bu çirkin təbliğatı aparanlar heç də nə diasporumuzu, nə də dövlət maraqlarımızı düşünmürlər. “Çamur at, izi qalsın” prinsipi ilə təkcə Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytını deyil, ölkəmiz üçün çox önəmli proyektlərə imza atan insanları da qaralayırlar. Təbii ki, bütün bunlara hüquqi müstəvidə cavab veriləcək və o zaman “stəkanda fırtına yaradılması” sifarişini verənlər də ədalət qarşısında cavab verəcəklər.

COP29