Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılar ilə iş üzrə şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə Gürcüstanda yaşayan axısxalılar ilə görüşüb.
Yenicag.az xəbər verir ki, şöbə müdiri Anar Rəsulov, I Katib Rəhim Rəhimzadə və digər qonaqlar əvvəlcə Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) Tbilisi şəhərində yerləşən ofisini ziyarət edərək DATÜB Gürcistan təmsilçisi İsmail Əhmədov ilə görüşüb. Görüşdə qonaqlara DATÜB Gürcistan təmsilçiliyinin fəaliyyəti barədə geniş məlumat verilib.
Diaspor komitəsinin şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə Dünya Ahıskalı Türklər Birliyi (DATÜB) Gürcistan təmsilçisi İsmail Əhmədov ilə birlikdə axısxalıların toplum halda yaşadıqları Axalsıx şəhərinə səfər edib. Axalsıx şəhərinə səfər çərçivəsində əvvəlcə Samsxe-Javaxeti Dövlət Üniversitetində təhsil alan axısxalı tələbələr ilə görüş keçirilib. Tələbələri ziyarətə gələn qonaqlar əli boş gəlməyərək, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə buradakı həm qız həm də oğlanların qaldığı yataqxanalara ərzaq yardımı ediblər. Görüşdə tələbələri maraqlandıran məsələlər haqqında müzakirələr edilib, onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Diaspor Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılar ilə iş üzrə şöbə müdiri Anar Rəsulov deyib ki, görüşün məqsədi Samsxe-Javaxeti Dövlət Universitetində təhsil alan tələbələr ilə yaxından tanış olmaqdır.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə tələbələr ilə görüşü zamanı qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki ən birinci rəsmi qurumu olan səfirlik olarak onlara hər zaman dəstək olunacaqdır. I katib Rəhim Rəhimzadə Erasmus təhsil mübadilə proqramı çərçivəsində Polşa Respublikasının Lodz Universitetinə göndəriləcək axısxalı tələbələr – Əmrah Qəhramanov, Nuriddin Şahmuradov və Elman Məcidovunun viza proseduraları zamanı onlara köməklik ediləcəyinə söz verdi. Bundan əlavə Rəhim Rəhimzadə Tbilisi şəhərində jurnalistika fakültəsində təhsil alan axısxalı Kamran Seyfətova da Gürcüstanın Dövlət televiziyalarının birində təcrübə keçmək üçün dəstək göstəriləcəyini dedi.
Daha sonra isə Axalsıx şəhəri, Tavarni qəsəbəsində yaşayan axısxalılar ilə görüş keçirildi. Görüşdə Dünya Ahıskalı Türklər Birliyinin dəstəyi ilə son illər ərzində tarixi vətənləri Axalsıxa köç edən axısxalılar, ziyalılar və gənclər iştirak edib.
Diaspor Komitəsinin şöbə müdiri Anar Rəsulov qeyd etdi ki, görüşün məqsədi Axalsıxda yaşayan axısxalı icması ilə tanış olmaq və onları narahat edən problemlərlə tanış olmaqdır. Axısxalı ziyalılar görüşdə çıxış edərək qayğıları və onları narahat edən problemlər barədə danışıblar.
Mövlud İşık