Diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur – Yekaterinburqda

Yanvarın 24-də Rusiyanın Yekaterinburq şəhərinin Kirovsk rayon məhkəməsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin biznesmen Fehruz Şirinov və onun oğlu Nicat Bəşirzadəyə qarşı qaldırdığı şərəf və ləyaqətin qorunması iddiası üzrə məhkəmə prosesi başlayacaq. 

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın yaydığı xəbərə görə, bununla bağlı rayon məhkəməsinin mətbuat katibi İrina Zaripova məlumat verib.

Onun sözlərinə görə, Şıxlinski “Krik” TV telekanalında yayımlanan “Kod bezopasnosti” verilişində tərəflərin ona qarşı səsləndirdiyi fikirlərə görə tərəflərin hər birindən 500 min rubl (12 800 manat) pul tələb edib.

Şahin Şıxlinski ilə əlaqə saxlayıb, ittihamın hansı ifadələrə görə irəli sürüldüyünü müəyyən etmək mümkün olmayıb.

“Krik TV” teleşirkətinin direktoru Yevgeniy Qubko bildirib ki, iddia ilə tanışdır və söhbət bir neçə il öncə Şirinova qarşı sui-qəsddən və Şıxlinskinin bu məsələdə rolundan gedir.

Şirinov verdiyi açıqlamada ona qarşı sui-qəsdin 2010-cu ilin mayında Elmin Süleymanov tərəfindən törədildiyini bildirib. İlk dəfə o, biznesmeni mayın 6-da silahdan atəş açaraq öldürmək istəyib.

“Güllələrdən ikisi yan keçib, mən gizlənə bildim və qışqırdım”, – Şirinov deyib. İkinci cəhd isə həmin il mayın 14-də biznesmenin yaşadığı evin blokunda olub. Süleymanov polis əməkdaşları, Şirinov və oğlu Bəşirzadə tərəfindən saxlanılıb.

“O, müqavimət göstərmək istədi, silahı çıxardı. Vaxtında çatmasaydıq, o bizi güllələyəcəkdi”, – Şirinov bildirib.

Bununla yanaşı, o əlavə edib ki, canlı yayımda Süleymanovun saxlanılan zaman Azərbaycan dilində ona dediyi ifadəni səsləndirib. Bu sözlərdən Şıxlinskinin hadisə ilə əlaqəli olduğu müəyyən edilib.

“Mən verilişdə Şıxlinskinin bu işdə əli olduğunu demədim, sadəcə, Süleymanovun mənə söylədiklərini xatırlatdım”, – Şirinov qeyd edib.

Bundan başqa, o etiraf edib ki, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri ilə onun münasibətləri uzun müddət gərgindir. Şirinov hesab edir ki, münasibətləri 2001-ci ildə Yunis Paşayevin öldürülməsindən sonra pisləşməyə başlayıb.

“Mən onu tanıyırdım və bu işdə şahid kimi ifadə verirdim”, – müsahib bildirib. Bununla yanaşı, o qeyd edib ki, o zaman Şahin Şıxlinskinin adı bu işdə də keçirdi.

Bundan əvvəl Şıxlinski və Şirinov soyadları Yekaterinburqdakı məşhur dörd nömrəli tərəvəz bazası qalmaqalında da səslənib.

2014-2015-ci ildə Şahin Şıxlinskinin adı “Azərbaycan evi”nin tikintisi ilə bağlı qalmaqalda da hallanıb. Şıxlinskinin ailəsi binanı Yekaterinburqun Osnovinsk parkında inşa etdirmək niyyətində idilər. Etirazlardan sonra planlar təxirə salınıb.

 

COP29