Azərbaycan Diasporu İnformasiya Mərkəzinin 3 avqust tarixində keçirdiyi Mükafatlandırma Mərasimində iştirak etmək üçün vətənə gələnlərdən biri də Türkiyə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin başqanı Cəvahir Əhmədovadır.
Cəvahir Əhmədova Yenicag.az-a müsahibə verib. O bildirib ki, diaspora işi ürək işidir:
“Xaricdə yaşayan azərbaycanlılar çalışır ki, Azərbaycanla bağlı hansısa işlər görsün. Biz evimizə, uşağımıza ayıracağımız vaxtımızı diaspora işinə ayırırıq”.
Erməni diasporası barədə danışan Cəvahir Əhmədova qeyd edib ki, erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri də, Türkiyədir:
“Biz haqq yolundayıq, kiminsə torpağını işğal etməmişik. Biz öz torpaqlarımızın müdafiəsinə qalxmışıq. Mən özüm də işğal olmuş rayonlardan birində – Qubadlıda doğulmuşam”.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də danışan Cəvahir Əhmədova bildirib ki, bu günə qədər sözügedən qurumdan nə maddi, nə də mənəvi dəstək almayıblar:
“Bizim cəmiyyət 6 ildir yaranıb. Dünən komitə sədri ilə görüşdük, xoş təəssürat bağışladı. Ancaq əvvəlki komitə sədrinin dönəmində nə maddi, nə mənəvi heç bir dəstək görməmişik. İndiyənə qədər Diaspora Komitəsindən heç bir yardım almamışıq. Özümüz ayaqda qalmışıq”.
Cəvahir Əhmədova ilə müsahibəni geniş şəkildə videodan izləyə bilərsiniz:
Səxavət Məmməd