Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib.
Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:
“Əziz və hörmətli soydaşlar!
Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayırıq. 30 ildir düşmən tapdağı altında olan qədim Azərbaycan torpaqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun uğurlu əməliyyatları və qəhrəmanlığı ilə işğaldan azad olundu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
45 gün davam edən mübarizədə Siz – xaricdə yaşayan soydaşlarımızın bütün varlığınızla Azərbaycan dövləti, Prezidenti və ordusuna göstərdiyiniz böyük dəstək ən yüksək qiymətə layiqdir. İnformasiya cəbhəsində, Azərbaycanın haqq davasının dünyaya çatdırılmasında hər birinizin göstərdiyi fədakarlıq şanlı qələbəmiz üçün çox böyük əhəmiyyət daşıyır”.
Müraciətdə qeyd olunub ki, bu zəfər, həm də Azərbaycan xalqının birlik rəmzidir:
“Bu günlər göstərdi ki, milli məsələlərdə siyasi baxışlarından, yaşadığı ölkədən, milli və dini mənsubiyyətindən asılı olmayaraq biz hamımız birləşə bilirik. Bu, bizim uğurlu gələcəyimiz üçün çox vacibdir.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq sizlərə nail olduğumuz sarsılmaz həmrəylik və birliyə görə dərin minnətdarlığımızı bildiririk.
Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”