Dilarə Əliyevanı əsəbiləşdirən sual: “Soruşdu ki, əsl kişi necə olur? ”

Əməkdar artist Dilarə Əliyeva çəkildiyi filmlərdən danışıb.

Yeniçag.az-a açıqlama verən aktrisa filmlərdə yaratdığı obrazların dilindən səslənən kəlmələrin aforizmə çevrildiyini deyib:

““Məhəllə” filmindən sonra hara gedirdim hamı məni “Qüdrətin Məhəbbəti” deyib çağırırdı. Rayonlara gedəndə qadınlar deyirdilər ki, “ay Məhəbbət, Moskvada nə qəşəng yun çırpırdın. Bəziləri Məhəbbətin təbirincə deyirdilər ki, qoy kişi gecə rahat yorğan-döşəkdə yatsın. “Hoqqa” filmində canlandırdığım Qızxanım obrazı da maraqla qarşılandı. Bu yaxınlarda bir tədbirə getmişdim. Bir xanım qaçdı qabağıma və soruşdu ki, əsl kişi necə olur? Çaş-baş qaldım ki, bu nə deyir? Elə bildim həyat yoldaşım Oqtayın necə kişi olduğunu soruşur. Özümü itirdim və hətta biranlıq əsəbiləşdim də. Sonradan başa düşdüm ki, “Hoqqa” filmində Qızxanımın işlətdiyi ifadəni deyirmiş. Qızxanımın orda məşhur bir ifadəsi var ki, əsl kişi demir ey, eləyir. Bu söz çoxlarının dilinə düşmüşdü, zarafatla bir-birilərinə deyirdilər ki, əsl kişi demir eləyir”.

Cəvahir
Yenicag.az