Şəhid Xudayarın anası: “Öz adlarını qızıl hərflərlə Azərbaycan tarixinin səhifələrinə yazdılar”

Xəzər dənizitək eşqimlə coşdum,

Xülyalar içində sanki bihuşdum,
Vətən arzusuyla nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür.

Sözləri Əliağa Vahid, musiqisi Əlibaba Məmmədova məxsus olan bu əsərlə dillərdə dastana dönən nur üzlü igidimiz Xudayar Yusifzadənin doğum günüdür bu gün. Xudayar 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb, hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirib.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlamış İkinci Qarabağ müharibəsində əvvəlcə Füzuli, daha sonra Murovdağın, Füzulinin, Cəbrayılın azadlığı uğrunda qəhramancasına savaşıb. Oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalıb. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın igid qəhrəmanı Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Yenicag.az-a şəhid Xudayar Yusifzadə ilə bağlı xatirələrini bölüşən anası Radə Yusifzadə deyib ki, Xudayarın xatirəsinin hər dəqiqəsini, saniyəsini belə xatırlayırlar:

“Xudayar anadan olandan 24 gün sonra atası dünyasını dəyişib. O, 22 yaşında şəhid olmasına baxmayaraq, onun həyatı xatirələrlə doludur. Onun xatirəsinin hər dəqiqəsini, saniyəsini belə xatırlayırıq. Onun ən böyük xatirəsi odur ki, əsgər yoldaşları ilə birlikdə özlərindən sonra bu cür dastan yaratdılar. Öz adlarını qızıl hərflərlə Azərbaycan tarixinin səhifələrinə yazdılar. Allah bütün şəhid balalarımızın ruhunu şad etsin. Ötən gün də şəhid generalımız Polad Həşimovun ildönümü idi. Cənab generalımızın arxasınca gedən şəhidlərimizdən biri də məhz Xudayardır. Generalımız şəhid olan günü Xudayar da könüllülər sırasına yazıldı. Allah bütün şəhid balalarımızın ruhunu mənim oğlumla birgə şad etsin!”.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

İsmayıl Bakuvi