“Bu, Polad Bülbüloğlundan asılı deyil, Ermənistan səfirliyindən asılıdır. Yəqin ki, Polad müəllim də Dilqəm Əsgərovun oğlu ilə görüşünə çalışar”
Bu sözləri Yeniçağ.az-a Sarkisovun Bakıda anasının qəbrini ziyarət etməsinə və Dilqəm Əsgərovun oğlunun atası ilə görüşməsi üçün Polad Bülbüloğluna etdiyi müraciətə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib.
Millət vəkili bildirib ki, Polad Bülbüloğlu vətənpərvər adamdır:
“Sarkisovun anasının qəbrini ziyarət etməsinə icazə veriblərsə, lap yaxşı. Bu, məndən asılı məsələ deyil. Bununla onu göstərmək istəyirik ki, biz ermənilərlə düşmən deyilik. Bizim xalqla düşmənçiliyimiz yoxdur, torpağımızı tələb edirik. Hansısa bir erməniyə qarşı nifrətlə yaşamırıq. Erməni xalqını qırmaq fikrimiz də yoxdur. Ona qalsa burda o qədər erməni yaşayır ki, onları qırarıq da. Bu, siyasi məqsəd daşıyır”.
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, əgər insani bir iş görülübsə bu, müsbət fikirdir:
“Sarkisov anasının qəbrini ziyarət etməyə gəlib. Ona da, Azərbaycan hökumətinə də belə bir şərait yaratdığı üçün “əhsən”. Dilqəmin oğlunun atası ilə görüşməsi isə erməni hökumətinin insanpərvərliyindən asılıdır. Görək, Qırmızı Xaç Cəmiyyəti hansı tədbirlər həyata keçirəcək və necə müraciətlər edəcək. Bunlar hamısı müsbət hadisələrdir. Qarşılıqlı ittihamdan, nifrət dalğasından və atəşdənsə belə insani həqiqətlər daha üstündür. Ən yaxşısı da sülhə yaxınlaşdıra bilər”.
Qeyd edək ki, Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. 73 yaşlı Sarkisov buna görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib. Erməni Bakıda olduqca müsbət qarşılaşıb. Hətta anasının məzarını ziyarət edərkən qəbrin üzərinə güllərin düzüldüyünü də görüb.
Öz əzizlərinin – anasının məzarını ziyarət etmək üçün Kəlbəcərə gedən Dilqəm Əsgərov isə bu gün erməni girovluğundadır, üstəlik də, ömürlük həbsə məhkum edilib. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov P. Bülbüloğluna üz tutaraq atası ilə görüşə dəstək olmasını istəyir:
“Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. 2 il 6 aydı atamın səsini eşitmirəm. Necə olur, erməni Bakıya əlini-qolunu sallaya-sallaya gələ bilir. Hətta burda keflə qarşılanır, yola salınır, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək, vəhşicəsinə işgəncələrə məruz qalır. Ömürlük həbs edilir. Budurmu, insanlıq, humanizm?”
Gülnarə Eynullaqızı
Yeniçağ.az