Dilqəmlə Şahbazın harada saxlanıldığı AÇIQLANDI

Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hazırda harada saxlanıldığı məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Unikal.org-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının dünən mənə verdiyi məlumata əsasəb, atam Dilqəm Əsgərovu Şuşa həbsxanasından oğurlanaraq öncə Qorisə aparıblar. Bir müddət orada saxladıqdan sonra Şiraka aparıblar. Noyabrın 13-dən atam Şirak vilayətindəki həbsxanada saxlanılır. BQXK əməkdaşları həbsxanada atamgilə baş çəkdikdən sonra bizə məlumat verdilər. Bildirirlər ki, hər şey normaldır, vəziyyət nəzarətdə saxlanılır”, – deyə K.Əsgərov bildirib.

Qeyd edək ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.