Dövlət İmtahan Mərkəzi (DİM) 4-cü ixtisas qrupu üzrə II cəhd qəbul imtahanındakı fizika fənninə aid 83 nömrəli sualla bağlı açıqlama verib.
Modern.az-ın DİM-dən əldə etdiyi məlumatda bildirilib ki, Azərbaycan bölməsinin “A” variantında fizika fənninə aid 83 nömrəli sualla bağlı yol verilən səhv bütün abituriyentlərin xeyrinə hesablanacaq:
“Qeyd olunan test tapşırığı imtahandan sonra ekspert qrupu tərəfindən yenidən müzakirə edilib. Test tapşırığının şərtinin bir hissəsinin onun mətnində, digər hissəsinin şəkildə verilməsi abituriyentlərin bu tapşırığın həllinə müxtəlif yanaşmalarına səbəb olub. Bu hal nəzərə alınaraq tapşırığın bütün abituriyentlər üçün doğru cavablandırılmış hesab edilməsinə qərar verilib.
İmtahan nəticələri elan olunarkən müvafiq düzəliş nəzərə alınacaq”.
DİM bildirib ki, 1-ci və 4-cü ixtisas qrupu üzrə II cəhd qəbul imtahanlarının cavabları növbəti həftənin əvvəllərində elan ediləcək.