Dövlət İmtahan Mərkəzi doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanlarından sonra namizədlərin narazılığına münasibət bildirib.
Yenicag.az-ın məlumatına görə, DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahanın keçirilməsi ilə əlaqədar DİM-də Apellyasiya Komissiyası yaradılıb:
“Komissiyaya bu günlər ərzində 42 müraciət daxil olub və hər kəsə müvafiq izahatlar verilib. Nəticələr elan edildikdən sonra da üç gün ərzində namizədlər komissiyaya müraciət edə bilər. Burada hər kəs dinlənilir və hər məsələyə dair izahat verilir”.
Qeyd edək ki, yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilib.
İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən, test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.
İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İmtahanlarından sonra namizədlər DİM-dən narazılıq edib. Onlar bildirib ki, DİM çox haqsız, qanun-qayda pozuntuları şəklində doktoranturaya xarici dildən qəbul imtahanı keçirib. İmtahan strukturu çox gec açıqlanıb.