DİM Kamran Əsədovu məhkəməyə verir – 596 bal iddiası

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddia qəbul olunmur.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu balla ali məktəbə qəbul ola bilməməsi barədə iddialarına münasibət bildirərkən deyib.

M.Abbaszadə qeyd edib ki, Mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:

“Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimailəşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və sosial şəbəkələrdə bu yalan məlumatı yaydığı üçün ekspert Kamran Əsədov məhkəməyə veriləcək”.

M.Abbaszadə qeyd edib ki, abituriyentin imtahan nəticələri ilə bağlı heç bir saxtakarlıq olmayıb:

“Abituriyent yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb. Həmin iş nömrəli abituriyent daha aşağı bal topladığı üçün müsabiqədən keçməyib. Sadəcə olaraq, imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılıb və həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar yüksək qeyd olunub”.

M.Abbaszadə əlavə edib ki, DIM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaq. O, abituriyentin imtahan nəticələri ilə bağlı valideynlərin söylədiyi iddialara görə, məhkəməyə verəcəyini də söyləyib. M.Abbaszadənin sözlərinə görə, imtahan nəticələri ilə bağlı abituriyentə gələn SMS-lə bağlı da məlumatlar araşdırılacaq.

COP29