Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Din barədə bütün fikirləri alt-üst edən abidə – “Netflix”in serial çəkdiyi sirli yerdən REPORTAJ

Şanlıurfaya yaxınlaşdıqca tikililər azalır, yaşıllıqlar tamamilə yoxa çıxır, insan qırmızıya çalan, daha doğrusu, heç yerdə rastlaşmadığı rəngə bürünmüş təpəciklərlə üz-üzə qalır. Bir az niskil, bir az vahimə, bir az da isti. Yuxarıdan baxanda adama elə gəlir ki, Şanlıurfanı böyük bir bellə çeviriblər, bütün tarix – yəni hər şey torpağın altında qalıb…

İndi Türkiyə hökuməti o torpağı qazır və altından möcüzələr çıxarır.

Dünyanın 20-dən çox ölkəsindən gələn 80 jurnalistlə bu möcüzələrin birindəyik – Göbəklitəpədə.

Bura Şanlıurfa şəhərindən 15 km şimal-şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 1963-cü ildə İstanbul və Çikaqodan olan arxeoloqlar tərəfindən kəşf edilib. 2011-ci ildə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilib.

2003-cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən, bu məbədin 12000 il yaşı var. Məbəd e.ə. VIII minillikdə məqsədli şəkildə torpaqla basdırılıb və uzun illər 15 m hündürlükdə və 300 m diametrli torpağın altında qalıb. Onun aşkar edilməsi Yaxın Şərq və bütün Avrasiyada ilkin neolit dövrü haqqında qəbul olunmuş baxışlarda inqilabi dönüş edib.

Bəli, Misir piramidalarından minlərlə il qədim, Aya Sofyadan çox böyük olan bu məbədin kəşfi tarixlə bağlı indiyə qədər olan nəzəriyyələrə meydan oxuyur, qəribə simvolları və vahiməli təsvirləri ilə daha əvvəl görünməmiş inanclarla bağlı dövrümüzə mesaj verir.

Yeni daş dövrü – Neolitlə bağlı indiyə kimi bəlli olunan məsələ həmin dövrdə insanların yeni vərdişlərə nail olması idi: əkinçilik və maldarlıq və s.

İnsanlar bu sahələrin yaradılması üçün münbit yerlərə üz tuturdular. Göbəlitəpədə isə münbit torpaqdan söhbət belə gedə bilməz. Yerləşdiyi ərazi hər hansı yaşayış məskəninə yaxın deyil və insanın əsas ehtiyacı olan su qaynaqlarından uzaqda yerləşir. Məbədin tikilməsi üçün lazım olan daşlar həmin ərazidən çox-çox uzaqlarda olub.

Bəs insanları bura gətirən nə idi və bu məbəd necə tikilib?

Bu suallar, eləcə də ərazidə edilən kəşflər tarixçiləri heyrətləndirir, qədim dünya ilə bağlı bütün təsəvvürləri alt-üst edir.

“T” şəkilli uzunsov sütunlar, hücuma hazır heyvanlar və qapısız otaqlar…

Hamısı 12 min il əvvəl inşa edilib. Hamısı da hələ öz möhtəşəmliyi ilə ayaq üstədir.

Göbəklitəpə ümumilikdə 20 futbol meydançası böyüklüyündə bir ərazidə inşa edilib. Tikilinin mərkəzini 4 böyük otaq təşkil edir.

Bütün otaqların mərkəzində, “T” şəkilli sütunlar var. Bunların bəzilərinin ağırlıqları 40-60 tona, hündürlükləri 6 metrə çatır. Göbəklitəpədə xırdalı-böyüklü 200-dən çox belə sütun var.

Buradan vəhşi heyvanlara aid 100 minlərlə sümük çıxarılıb. Eyni zamanda insan cəsədləri. Qəribə ondadır ki, burada insan kəllə sümüklərinin üzərində oyma rəsmlər çəkilib.

Göbəklitəpəni yaradanlar orada daimi yaşamayıblar, köçəri həyat sürüblər.

Bura isə oturaq həyata keçiddən sonra yaranan alətlərdən istifadə edilmədən inşa edilib. Alətlərin olmadığı bir dövrdə… Amma necə?

Neolit dövrü alətlərindan istifadə edilərək belə bir məbəd inşa edilə bilərdimi?

Amma bundan daha vacib sual var: köçəri həyat yaşayan insanlar niyə daş məbəd üçün bir araya gəliblər?

Elə Göbəklitəpənin əsas mahiyyəti də budur. Bəlkə də əsl sirr buradan başlayır. Yəni əsas sual Göbəklitəpənin necə inşa edildiyi deyil, niyə inşa edildiyidir…

Göbəklitəpənin qeyri-adi memarlığı var. Xüsusən də C strukturunun. Bu otaq əzəmətli girişi ilə diqqət çəkir. Eynilə yunanların qədim abidələrində olduğu kimi. Amma Neolit dövrü memarlığında qapının qoyulmadığı, evlərə damdan girildiyini bilirik…

Burda isə böyük giriş qapıları olub. Əsas məsələ isə məbədin ortasında olan, yuxarıda qeyd etdiyimiz böyük otaqlardı. Həmin otaqların qapısı olmayıb, heç damdan girişi də. Bu məqam isə sirrin çözülməsi üçün mühüm açar rolunu oynayır. Deməli, o dövr insanları müqəddəs hesab etiklərini belə qoruyublar. Necə indi ziyarətgahlarda adətən qəbirlərə yaxın getmək olmur, onlar ya daş divarla, ya metal qurğularla dövriyyəyə alınıb, həmin vaxta da belə olub…

Bu isə qədim dövrlə bağlı elmə məlum olan faktları təkzib edir.

Deməli, Şanlıurfa abidləri göstərir ki, insanlar hələ əkinçilik və heyvandarlıqla məşğul olmazdan öncə dini inanclara sahib imişlər. Bu inanclar həmin dövr insanlarının Göbəklitəbə məbədinin tikməsi və qorumasına səbəb olub. İstanbul Universitetinin professoru Mehmet Özdoğan da deyir ki, burada yaşayan insanların dini inanclarının formalaşması onların əkinçilik bacarıqlarına yiyələnməsindən öncəki dövrə təsadüf edir. Bu araşdırmalara qədər isə bu fikrin tam əksi hesab edilirdi.

Göbəklitəpədə arxeoloji qazıntılar aparan heyətin rəhbəri, alman alim Li Klar bildirir ki, burada Neolit dövrünə aid çoxlu yaşayış məskənləri mövcud olub. Göbəklitəpə Misir ehramlarından 7500 il daha qədimdir. Onun sözlərinə görə, qazıntılar zamanı təxminən 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb.

Alimlər hesab edir ki, Neolit dövründə Göbəklitəpə məbədi insanların cənazə rituallarını icra etdikləri yer olub.

Bu faktın ortaya çıxması nələri dəyişir: dinin yaranması və mahiyyəti haqqında deyilən bütün elmi fikirləri!

Ümumiyyətlə, Şanlıurfa peyğəmbərlər şəhər, müqəddəs torpaq sayılır. Bu qədim torpaqlar insanlıq tarixi ilə yaşıddır.

Göbəkli təpə təkcə dini ritualların icra edildiyi yer olmayıb, bura həm də möcüzələrin baş verdiyi məkan hesab edilib.

Göbəklitəpənin lap təpəsində bir dağdağan ağacı var. Bu, son illərə qədər həmin ərazidə yeganə ağac olub. Tarixən ona möcüzəvi ağac kimi baxılıb. Xüsusən qadınlarn ziyarət etdiyi yer olub. Bəs bu ağacın sehri nədədir?

Qazıntılar zamanı daş üzərində bir rəsm bunun təxmini cavabını verir. Həmin daş üzərində nə cızılmışdı? Bir qadın rəsmi – uşaq doğduğu yerdə.

Bu ağac artıq dünyada da məşhurdur. “Netflix”in çəkdiyi “Atiye” filmindən…

Çanlıurfa ərazisində 30-a yaxın belə abidələrin olduğu təpələr var. Onların daha bir neçəsi barədə də məlumat verəcəyik… İnsanın çalışmaq, yaratmaq və düşünməyə başladığı ilk nöqtədən hələlik bu qədər.

Elçin Zahiroğlu

Bakı-Şanlıurfa-Bakı

www.yenicag.az

119
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100