DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən “İnstagram” platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

“Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər “xidmət” göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu “xidmət”lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər” – məlumatda qeyd edilir.

COP29