DİN-dən Tofiq Yaqublunun saxlanılması ilə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Yenicag.az-a açıqlamasında bildirib ki, hadisə martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində baş verib:

“Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Yol qəzası Tofiq Yaqublunun təqsiri üzündən baş verdiyi halda, o, avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edib, onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. Daha sonar hadisə yerinə polis əməkdaşları gəliblər.

Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib. Siyasi partiya rəhbərliyində təmsil olunan şəxsin digər vətəndaşlara nümunə olmalı olduğu halda bu cür davranması, günahı olmayan vətəndaşa qarşı belə hərəkətlər etməsi ən azından qınanılmalıdır”

E.Zahidov bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər. Hazırda cinayət işinin istintaqı davam etdirilir.

COP29