Daxili İşlər Nazirliyi bu günlərdə polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni ilə bağlı sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına yazılmış təhqiramiz şərhlərlə bağlı hərəkətə keçib.
Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən Qafqazinfo-ya verilən məlumata görə, əsassız olaraq təhqirə məruz qalanların müraciətləri əsasında sosial şəbəkələrdə insanları aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlərin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:
“Bu tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə onların hər biri barəsində protokol tərtib edilərək, yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndəriliblər.
Məhkəmədə verilən qərarlarla onların əksəriyyəti barəsində inzibati həbs, bəziləri barəsində isə cərimə qərarları tətbiq edilib. Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir.
Odur ki, vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər.
Əvvəla başqasını söymək, təhqir etmək bir millət olaraq bizim mentalitetə yaddır, ikincisi də belə hərəkətlərə yol verən şəxs qanun qarşısında məsuliyyət də daşıyır. Odur ki, hər birimiz rastlaşdığımız və ya narazı qaldığımız hər hansı bir məsələnin söyüş və təhqirlə deyil, yalnız hüquqi müstəvidə həllinə nail olmalıyıq”.