Din pərdəsi altında GİZLƏNƏN İRAN – “Azərbaycana qarşı açıq və gizli kartları var” – ŞƏRH

“İranın din pərdəsi altında etdikləri bəhanədir. Birliyimiz möhkəm olmalıdır. İran dağıdıcı qüvvədir. Yeritdiyi siyasət parçalamaq üçündür”.

Bunu İranın son dövrlər Azərbaycana qarşı tutduğu mövqe, cəsus şəbəkəsi, hədəfləri, törədə biləcəyi fəsadlar və bu yöndə digər məsələlərə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, İranın Azərbaycana qarşı açıq və gizli kartları var:

“Açıq kart Ocaq Nicat və onun fəaliyyəti idi. Açıq şəkildə din pərdəsi altında fəaliyyət göstərirdilər. İdeyalarını yayırdılar, şəriət dövlətinin qurulmasını istəyirdilər. Eyni zamanda İran İslam Respublikasının digər ölkələrdə, o cümlədən Azərbaycanda ekspansiyası ilə məşğul idilər. Bu istiqamət onların açıq gücü idi.

Gizli gücü isə dini ideologiyaya əsaslansa da yenə də görünməyən tərəfləridi. Ləğv edilmiş MTN-nin generalından tutmuş, sərhədboyu yaşayan siravi vətəndaşa, dövlətdə müəyyən vəzifə tutanlara qədər gizli qüvvələri olub, indi də mövcuddur. Cəsus şəbəkəsini birdən-birə aşkarlamaq çətindir. Bu istiqamətdə iş görülüb. Ancaq İran dayanan deyil. İran zaman-zaman özünü göstərib. Yeri gələndə gizli cəsus şəbəkəsinə də göstəriş verib. Necə ki, Süleymani öldürüləndə İranın bütün tərəfdarları ayağa qalmışdı. Sosial şəbəkələrdə aqressivlik nümayiş etdirirdilər. İndiki halda İranın Azərbaycanı bu qədər hədəfə alması, təhdidlər etməsi əslində daha çox özünə ziyan elədi. İran həmişə qeyri-səmimilik nümayiş etdirib. Bu, bizə məlum əsl simasıdır, ancaq indi bu ölkə tam özünü göstərdi. İran İsraili bəhanə edərək, islam dünyası qarşısında tutduğu əmələ müsbət don geyindirmək istəyir. İndiyənə qədər dünyada baş vermiş bütün terror hadisələrində Azərbaycanın nəinki birbaşa, dolayısı ilə belə adı çəkilməyib. Azərbaycan özü 30 ildən çox terrorun hədəfi olub. Azərbaycan heç vaxt terrorçulara meydan verməyib. Üstəlik heç bir ikinci dövlətə şərait verməmişik ki, qonşu dövlətlərə qarşı hansısa iş görülsün. Bu rəsmən də elan olunub.

Azərbaycanın cənubi Qafazda yeni reallıq yaratması, güclənməsi, faktiki olaraq Ermənistan üzərində qələbə qazanması, müttəfiqlərinin güclü Türkiyə və Pakistan olması İranı bütün cənubi Qafazda ofsaytda saxlayıb. İran cənubi Qafaza necə təsir edəcəyini bilmir. Ermənistana təsiri isə ticarət və narkotrafikdən başqa bir şey deyil.

Ermənistanda Rusiya mövcuddur. İranın edə biləcəyi bir şey qalmır. Bir tək təsir etmə şansı Azərbaycana qalır. Ona görə də, hüseynçilər, zeynəbçilər, fatiməçilər yaratmaqla Azərbaycanı təhdid edir, Azərbaycanın hədəfdə olduğunu göstərir. Azərbaycan təhlükəsizlik qüvvələri buna hazırdır. Əməliyyat şəraitinə nəzarət edə bilirlər, çünki ciddi təcrübələri var. Bu istiqamətdə işlər bir qədər də artacaq. İran son bir ayda Azərbaycanı dişinə vurdu. Özlərinə Rusiyanı dəstəkçi gördülər. Ancaq İranın xarici işlər naziri Abdullahiyan Moskvadan suyu süzülə-süzülə qayıdandan sonra deyir ki, Azərbaycana və Ermənistana səfər edəcəm, mətbuatda yazılanları unudaq, bunun qarşısını alaq, yenidən yaxşı münasibət quraq. O, bunu sözdə deyir, ancaq ümumi işin mahiyyətini bilirik”.

İran Azərbaycandakı bütün kartlarını açdığı təqdirdə Azərbaycan hansı problemlərlə qarşılaşa bilər sualına cavabında isə ekspert bunları deyib:

“İran bütün kartlarını açacağı təqdirdə Azərbaycana qarşı təhlükə yarana bilər. İran iki istiqamətdə fəaliyyət göstərir – həm ideoloji, həm də terror. Hüseynçilərin xəritəsində Azərbaycanın gerbi, xəritəsi və avtomat silah qeyd olunub. Bu o deməkdir ki, atəş açacağıq. İranın bütün dünyada terrora dəstək vermək imkanı var. Bunun üçün böyük pullar ayrılıb. Livandakı “Hizbullah” çox böyük təşkilatdır. Heç bir dövlət terrordan sığortalanmayıb. Ona görə də, işimizi sağlam tutmalıyıq. İstər təhlükəsizlik orqanları, istərsə də vətəndaşlar ayıq-sayıq olmalıdır. İranın din pərdəsi altında etdikləri bəhanədir. İran dağıdıcı qüvvədir. Yeritdiyi siyasət parçalamaq üçündür. Birliyimiz möhkəm olmalıdır. Həm birliyimiz, həm də din xadimlərinin dövlətçiliyi və vətənpərvərliyi lazımdır. Din xadimi təkcə Quran oxumaqla məşğul olmalı deyil, din xadimi həm də dövlətçi, vətənpərvər olmalıdır. Bunlar olsa, İran Azərbaycanın gücünü görəcək və bu gücü xeyli artırmaq lazımdır”.

Səxavət Məmməd