DİN rəsmisindən “Lotu Quli” açıqlaması: “O kimdir?”

Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov Azərbaycanda qala bilmədi.

Yenicag.az xəbər verir ki, kriminal avtoritetlərə sərt üzünü göstərən Azərbaycan höküməti onun da burada qalmasına icazə vermədi.

Nəticədə Gürcüstana üz tutan kriminal avtoritet qonşu ölkədə də eyni aqibətlə üzləşdi. Daha sonra İstanbulu özünə məskən seçən “Lotu Quli” burada bir müddət qaldıqdan sonra Türkiyə üçün də arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldı. Nəticədə o, İstanbuldan Dubaya üz tutdu.

Ötən gün isə Səlifovun Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumat rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla danışmağa cəhd etdik. Sualımıza cavab axtarsaq da, DİN rəsmisi “O kimdir?” deyərək telefonu üzümüzə qapadı. Daha sonra zəng etməyimizə baxmayaraq, telefonu məşğula alan qurum rəsmisi cavab vermədi, ardınca isə “mobil”ini söndürdü.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə danışmaq cəhdimiz də cəhd olaraq qaldı.

Qeyd edək ki, Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi “Lotu Quli” barəsində beynəlxalq axtarış elan edib.

Oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilən Səlifova Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Əgər doğrudan da Səlifov Azərbaycana gəlibsə, bəs, belə olan halda rəsmi Bakı hansı addımı atmalıdır?

Yenicag.az-a açıqlama verən hüquqşünas İlqar Musayev bildirib ki, Səlifov Azərbaycanda saxlanılsa belə, Rusiyaya təhvil verilə bilməz:

“Bizim hüquq-mühafizə orqanları Nadir Səlifovu Rusiyaya təhvil verə bilməz. “Lotu Quli” Azərbaycan vətəndaşıdır. Belə olan halda Rusiya tərəfi onun axtarışa verilməsinə səbəb olan materialı Azərbaycana göndərməlidir. Əgər Azərbaycanda da onun törətdiyi əməllər cinayət hesab olunarsa, bu zaman bizim ölkədə mühakimə edilə bilər. Heç bir ölkə öz vətəndaşını başqasına vermir. Fərqi yoxdur, o cinayəti Rusiyada törədib, yoxsa başqa bir yerdə. Qanun bunu qadağan edir. Rusiyada saxlanılsaydı, bu, başqa məsələ. Prosesin sonunda Rusiyaya da məlumat verilir ki, sənin göndərdiyin materiallar burada təsdiqini tapmadı və ya əksinə”.

Emin Səfərov

COP29