Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Yenicag.az-a daxil olan məlumatda deyilir ki, noyabrın 11-də gecə saat 01 radələrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Mirağa Əliyevin ürək nahiyəsindən bıçaqla xəsarət alması nəticəsində müalicə müəssisəsində vəfat etməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla hadisənin M.Əliyevin qonşusu, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu tərəfindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Nicat Dajban Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
* * * 12:23
Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub.
Yenicag.az-ın məlumatına görə, hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.
Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, qətlə yetirilən Mirağa Əliyev Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş.