“Sərhəd bölgələrimizə atılan raketlər “Zeytun budağı” əməliyyatının nə qədər leqal və haqlı olduğunu sübut edir”.
Bu sözləri TBMM Milli Müdafiə Komitəsinin üzvü, millət vəkili Hüseyin Kocabıyık Yenicag.az-a açıqlamasında söyləyib. AKP-nin İzmirdən seçilmiş millət vəkili regionda baş verən prosesləri şərh edib:
“Hərbi, siyasi və diplomatik cəhətdən böyük diqqətlə hazırlanıb icra edilən əməliyyatın yarım aylıq mərhələsini uğurla başa çatdırdıq. Heç kim sərhədlərimizi terrorçulardan təmizləməyimizə mane ola bilməz. Bu, birbaşa bizim ölkəmizin varlığı və gələcəyi ilə bağlı olan bir məsələdir. Bizi embarqolarla təcrid etməyə çalışırdılar, biz də lazımi cavabı layiqincə veririk. Əməliyyatlarımız böyük bir iradə və dəqiqliklə həyata keçirilir. Xain terror təşkilatı sərhəd bölgələrdə yerləşən vilayətlərimizdə xəstəxanaları hədəf alaraq raket atır, terrorçular birbaşa dinc əhalinin qəsdinə çıxırlar. Bu isə “Zeytun budağı” əməliyyatının həyata keçirilməsinin nə qədər vacib və yerində verilmiş bir qərar olduğunu təsdiqləyir. Mübarizəmiz sərhədlərimizin terrorçulardan tamamilə təmizləndiyi günə qədər davam edəcək. Buna heç kimin şübhəsi olmasın”.