!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət "İlahiyyat" məscidi ilə bağlı məmur "özfəaliyyət"inə son qoydu - ÖZƏL - YENİLƏNİB

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi bu gün “İlahiyyat” məscidində dindarların son cümə namazı qılınıb. Yeniçağ.az-a daxil olan məlumata görə, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazını keçirtmələri barədə təlimat verilib.

Qeyd edək ki, sözügedən məscid Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilib və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı yerdir. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan edilib.

Xəbər saytımızda dərc olunduqdan sonra rəsmi açıqlama özünü çox gözlətmədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov APA-ya rəsmi açıqlama verərək bildirdi ki, “İlahiyyat” məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Ə.Zülfüqarov onu da qeyd edib ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir:

“Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. “İlahiyyat” məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin “Tədris Mərkəzi”nin yaradılması da nəzərdə tutulub”.

Məsələ ilə bağlı Yeniçağ.az olaraq sözügedən ünvana – “İlahiyyat” məscidinə yollandıq və burada görüb-eşitdiklərimiz xəbəri bir daha təsdiqlədi. Məscidə namaz qılmağa gələnlərin fikrincə, bu, olduqca ədalətsiz bir qərardır. Həmsöhbətimiz Məsimov Şahin məscidin bağlandığını dedi:

“Cümə namazını qıldıq. Namazdan öncə xütbədə bizə mədəni şəkildə dedilər ki, məscid təmir olunacaq. İmam elan etdi ki, namaz qılmaq üçün özünüzə başqa yer tapın. Hətta dedilər ki, bu barədə səs-küy salmaq lazım deyil, qərarı məscidi bərpa etmək üçün veriblər. Amma belə bir qərar yoxdur və heç “Xəbərlər”də də elə söz deyilməyib; yəni bu barədə rəsmi heç nə eşitməmişik”.

Emin adlı dindarın sözlərinə görə, o da bu gün Cümə namazına gəlib:

“Bəli, məscidi bağlayırlar. Bizə dedilər ki, təmirlə əlaqədər darısqallıq olacaq, özünüzə yer axtarın. Sözlərindən belə çıxır ki, buna qarşı çıxmayın. Demək istəyirlər ki, məscidi bağlamırıq, təmir etdiririk. Ancaq inanmırıq, bizim məscidi bağlayacaqlar. İslam oyunları ərəfəsində belə bir addım atmaq Prezidentə və onun yürütdüyü siyasətə ağır zərbədir. Məscidin bağlanması yolverilməzdir”.

Məscidin axundu Ceyhun suallardan yayınaraq, üzrxahlıq etdi:

“İndi tələsirəm, məni bağışlayın. Yaxşısı budur, Qafqaz müsəlmanları idarəsi ilə əlaqə saxlayın. Mən heç nə danışa bilmərəm”.

Qeyd edək ki, baş verən hadisə ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb.

Vətən və İnkişaf Partiyasının sədri Əli Əliyev Yeniçağ.Az-a açıqlamasında məscidin bağlanmasını hakimiyyətdə olan pozucu qüvvələrin müdaxiləsi kimi dəyərləndirib:

“Məscidin bağlanması praktikası Azərbaycan hakimiyyətindəki bəzi pozucu qüvvələr üçün yeni fəaliyyət istiqaməti deyil. Buna qədər də ölkədə müxtəlif məscidlərin bağlanmasının şahidi olmuşuq. İçərişəhərdə, Təbriz küçəsində, Şəhidlər Xiyabanında bağlanan məscidlərin ardınca “İlahiyyət” məscidinin də bağlanması vicdan azadlığına müdaxilə kimi qiymətləndirilməlidir. Bu, cəmiyyətdə insan azadlığının məhdudlaşdırılması deməkdir. Təbii ki, bunu pisləmək lazımdır. Məscid müsəlmanların bir araya gəldiyi, fikir mübadiləsi apardığı müqəddəs məkandır. İslam dövlətində azanın ləğv edilməsi, hicabın qadağan olunması, məscidlərin qapanması hakimiyyətin maraqlarına xidmət edir. İnsanları sıxmaq yox, onlara mənəvi ehtiyaclarını ödəmək üçün şərait yaratmaq lazımdır. Qapanış, müqavimət, aqressiya vasitəsiylə cəmiyyətlə davranmaq düzgün deyil. İnsanlarla daha səmimi olmaq lazımdır. Özünü cəmiyyətin bir parçası sayan hakimiyyət cəmiyyətin bütün azadlığını, o cümlədən vicdan azadlığını tanımalıdır”.

Qeyd edək ki, dövlətin müdaxiləsindən sonra məscidlə bağlı yaranan problem müvəqqəti də olsa, həllini tapıb. Belə ki, məsciddə ibadət davam edəcək.

Gülnarə Eynullaqızı

Cəvahir Səlimqızı

Yeniçağ.Az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

2520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv