!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Dini və milli tolerantlığın Azərbaycan MODELİ: Cəmiyyətin bütün təbəqələrinə sirayət edən mənəvi zənginləşmə

!Reklam – Yazi

Prezident İlham Əliyev: “Bu gün mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib”.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının təminatçısı rolunda çıxış edir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu kontekstdə Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycan gerçəkliyidir.

Əlbəttə, Azərbaycanın bu sahədə dünyaya örnək ola biləcək uğurlarını ölkəmizdə din-dövlət münasibətlərinin düzgün qurulması şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində müzakirə olunan məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd edib ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib.

Hər kəsə məlumdur ki, Azərbaycanda həmişə dini ayrı-seçkiliyə qarşı bir mübarizə ruhu olub. Hələ sovet dövründə Bakını “beynəlmilləlçiliyin beşiyi” adlandırırdılar. Təbii ki, Azərbaycanda bəşəri duyğuların vüsət tapmasında, insanların qardaşlıq, dostluq şəraitində çalışıb yaşamasında ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri var. O, həmişə insana ağlına, zəkasına, qabiliyyətinə, xidmətinə görə qiymət verərdi. Bu gün əminliklə deyə bilərik ki, Ümummilli Liderin arzu və istəkləri prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan artıq dəfələrlə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Bu cür tədbirlər gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım göstərir. Qeyd edək ki, dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri bu məsələdə Azərbaycanın rolunu yüksək qiymətləndirirlər.

Mövzu ilə bağlı ilahiyyatçı Samir Əzizov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizdə dini və milli tolerantlıq istiqaməti üzrə atılan addımlar ürəkaçan olmaqla yanaşı, millətlərarası münasibətlərin inkişafında da effektiv təsirə malikdir:

“Qloballaşan dünyada dini və etnik zəmində xeyli sayda boşluqlar müşahidə olunur. Bu boşluqlardan müəyyən mənada istifadə edənlər var. Sovet dövründə Azərbaycanda dini fəaliyyətə qadağa qoyuldu və ateizmin təbliğ olunması imkan yaradıldı. Müstəqillik əldə olunandan sonra ölkəmizdə dini-elmi mühitdə ciddi çatışmazlıqlar vardı. Həmin çatışmazlıqlar müxtəlif radikal dini təriqətlərin və qruplaşmaların fəaliyyət göstərməsinə səbəb oldu. O dövrdə müharibə şəraiti və iqtisadi çətinliklərin mövcudluğu qruplaşmaların sayının artmasına yol açdı. Bu, Azərbaycanda müxtəlif təriqətlərin yerləşməsinə zəmin yaratdı. Bu baxımdan, ölkə başçısı tərəfindən etnik-dini tolerantlığın inkişafı üçün bir sıra addımlar atıldı. İlk növbədə, 2001-ci ildə Heydər Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bağlı fərman imzaladı.

Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatını həyata keçirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir. Komitənin fəaliyyətində əsas prioritet hədəflərə vətəndaşların vicdan azadlığının təmin edilməsi, dini ənənələrin, dözümlülük və tolerantlıq münasibətlərinin qorunması, dini mühitdəki radikal elementlərin qarşısının alınması, dini qurumların dövlət qeydiyyatı məsələsinin təkmilləşdirilməsi və prosesin sürətləndirilməsi, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparılması və yayılmasına müvafiq nəzarətin həyata keçirilməsi, dini qurumların fəaliyyətinin milli dövlətçilik maraqlarına və cəmiyyətin sosial problemlərinin həllinə cəlb edilməsi, dini maarifçilik işinin düzgün metodlarla təşkili və gücləndirilməsi, dini sahədə qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycanın dövlət-din münasibətləri modelinin beynəlxalq aləmdə təbliğ olunması və sair aiddir.

2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olundu. Sözügedən qanuna əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına, həmçinin bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur. Qeyd olunur ki, dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, eyni zamanda, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati-profilaktik tədbirlərdən kompleks istifadə etməkdir. Bundan başqa, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, həmçinin dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü də əsas prinsiplərə daxildir. Bununla yanaşı, dini təhsil sahəsində də ciddi addımlar atılıb. Bu, cəmiyyətdə mövcud olan boşluqların aradan qaldırılmasında effektiv təsirə malik olub.

Bu gün Azərbaycanda İlahiyyat İnstitutunun fəaliyyət göstərməsi də təqdirəlayiq haldır. Bu, ölkədə azərbaycançılıq ideologiyasının inkişafı ilə yanaşı, kənar qüvvələrin təsirindən qorunan kadrların formalaşması üçün müsbət addımdır. Artıq əksər kadrlar vakansiya elan olunan yerlərə cəlb olunublar. Din xadimlərinin attestasiyadan keçməsi kimi müsbət hal boşluqların qısa zamanda doldurulmasına səbəb olacaq. Ümid edirəm ki, bundan sonrakı proseslərdə regionlarımızda da peşəkar kadrların yetişməsi üçün müvafiq addımlar atılacaq. Bu, Azərbaycanın tolerantlıqla bağlı ümdə olan siyasətini daha qabarıq şəkildə dünya zəminində üzə çıxaracaq”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

356
Ads
www.veteninfo.com
!Reklam – Arxiv