!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dinşünas alim: “Bu kitabın tərcümə olunması dövlət başçısına qarşı təxribatdır"

!Reklam – Yazi

Təəssüf ki, Azərbaycanda bir sıra insanlar dini inancları təhqir etməklə məşğuldurlar. Belə ki, bu günlərdə bir qrup azərbaycanlı tərəfindən Kristofer Hitçensin “Tanrı böyük deyil” kitabı tərcümə edilərək, ictimaiyyətin diqqətinə çatdırılıb. Hansı ki, bu kitabda dinə qarşı fikirlər yer alıb. Kitabın təqdimatının seçki öncəsi baş tutması onu göstərir ki, inanclı insanlar məhz ölkə üçün mühüm olan bir tədbir ərəfəsində bilərəkdən təhqir edilirlər.

Dinşünas alim Vaqif Cəliloğlu Yenicag.az-a açıqlamasında sözügedən tərcüməni və bununla bağlı keçirilən tədbirdə səslənən fikirləri inanclı insanların mənəvi heysiyyatına vurulan zərbə kimi dəyərləndirdi:

“Ümumiyyətlə, harda və kim tərəfindən tərcümə edilməsindən asılı olmayaraq, hər bir millətin inancına, onun müqəddəs kitabına xələl gətirə hansısa əsərin kütləvi şəkildə çapı və onun kiçik bir qrup tərəfindən müsbət müstəvidə işıqlandırılması həmin ölkənin inanclı vətəndaşlarının mənəvi heysiyyatına açıq-aydın vurulan zərbədir. Ələlxüsus da bu, Quran haqqında ola… “Qurani-Kərim” müsəlmanların müqəddəs kitabıdır. Allah – Təala özü buyurub ki, onu özüm qoruyacağam. Dələduzların hansı məqsədlə “Tanrı böyük deyil” kitabını tərcümə edərək, ictimaiyyətin diqqətinə çatdırmağa çalışmaları hesab edirəm ki, Azərbaycan əhalisinin heysiyyatına toxunan bir cəhddir. Keçən əsrin əvvəllərində, Həşim bəy Vəzirov adlı birisi Şekspirin “Otello” əsərini tərcümə edəndə, dahi Mirzə Ələkbər Sabir cavab olaraq belə yazmışdı:

“Öylə bir tərcümə ki, ruhi Şekspir görcək,
Ağladı ruhi Otello ilə bərabər, özünə.
“Ax, mütərcim”- deyə, bir odlu tüpürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə”.

Məhz keçən əsrin əvvəllərində M. Ə. Sabir qüsurlu təcrümələri belə satira atəşinə tuturdu. Bu mənada Sabirin dediyi kimi, “Tanrı böyük deyil” kimi kitabın tərcüməsinə xalq tüpürməlidir və o da düşəcək həmin tərcüməkarın gözünə”.

Həmsöhbətimiz seçki ərəfəsi inanclı insanların heysiyyatına toxunan belə bir kitabın təcrümə edilərək, ictimaiyyətin diqqətinə çatdırılmasını həm də Prezidentə qarşı təxribat kimi də dəyərləndirdi:

“Bu hal da istisna edilmir. Azərbaycan böyük ictimai-siyasi yolun astanasındıdır. Aprelin 11-də ölkədə prezident seçkiləri olacaq. Bu mənada həmin ərəfədə “Tanrı böyük deyil” kitabının tərcümə olunaraq, ictimaiyyətin diqqətinə çatdırılması dövlət başçısına qarşı təxribat da ola bilər. Necə ki, Rusiya seçkilər ərəfəsində xaricin böyük təzyiqləri ilə üzləşdi, analoji hərəkətin ölkəmizdə də təkrarlana biləcəyi istisna edilmir. Amma bütün hallarda, hətta kimlərinsə ölkəmizə qarşı etdiyi təxribatlara rəğmən Azərbaycan dövləti və xalqı bu prosesdən qalib çıxacaq”.

Siyasi icmalçı Azər Həsrət insanların dini inanclarına hörmətlə yanaşmağı tövsiyə etdi:

“Xüsusən də, böyük əksəriyyəti müsəlman olan Azərbaycan xalqı arasında belə tərcümələrin ajiotaj yarada biləcəyi nəzərə alınmalı idi. Təbii ki, Qərbdə bu və ya digər şəkildə populyarlıq qazanan kitabların gətirilib, burada tərcümə edilməsi normaldır. Amma həmin addımı atarkən onu da nəzərə almalıyıq ki, Qərbdə bu kimi kitabları gündəmə gətirməklə guya fikir, din və vicdan azadlığını bizim kimi cəmiyyətlərdə təbliğ etməyə çalışırlar. Düşünürəm ki, həmin kitabın xüsusən də prezident seçkiləri öncəsi tərcümə edilərək, cəmiyyətə təqdim edilməsi yolverilməz haldır. Azərbaycanda seçki-təşviqat kampaniyası ərəfəsində belə bir kitabın tərcümə edilərək, cəmiyyətin diqqətini cəlb etməyə ehtiyac yox idi. Dini inanclı insanları bu və ya digər şəkildə narahat edən belə kitabların çapını məqbul hesab etmirəm. Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Bu tipli kitabların dərci də onlarla razılaşdırılmalıdır. Belədə maraqlıdır, görəsən həmin kitab sözügedən qurumla razılaşdırılaraq tərcümə edilib, yoxsa sadəcə özfəaliyyətdən ibarətdir?”.

ELÇİN

www.yenicag.az

2301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv