Diplomatik masada ləngimələrin FƏSADLARI: “Bu, Azərbaycanı geri salır”

“Rusiya regiondadırsa həmişə narahatlıq olmalıdır. Rusiya nə qədər var, narahatlıq da olacaq, bu təbiidir”.

Bunu Rusiyanın bölgədəki fəaliyyəti, Qarabağla yanaşı sərhəddə də daxil olmaq arzusuna münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında deyib.

İqabal Ağazadə bildirib ki, Rusiya sərhəddə yalnız Ermənistan tərəfdən qoşun yerləşdirə bilər:

“Rusiya sərhəddə qoşun yerləşdirmək istəyirsə, bunun Azərbaycana aidiyyatı yoxdur. Rusiya Azərbaycan tərəfdən qoşun yerləşdirməklə bağlı nə istəkdə, nə arzuda olmayıb. Azərbaycan tərəfdən də belə bir mövqe olmamalıdır. Ermənistan tərəfdən yerləşmək istəyirsə, o rəsmi İrəvanın işidir. Özləri bilər sərhədlərini kimin vasitəsi ilə qoruyur. Güman etmirəm ki, sərhəd qorumaq məsələsi nəzərdə tutulanda gəlib hökmən Azərbaycan tərəfdə də dayanacaqlar.

Azərbaycan diplomatik masada təəssüflər olsun ki, ləngimələrə yol verir. Diplomatik masada ləngimələrə yol vermək də Azərbaycanı geri salır. Sistemli işləmək lazımdır. Sistemli iş görülərsə, Azərbaycan Ermənistanı masa arxasına oturda bilər.Sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanına bilər.

Buna Azərbaycanla Ermənistan arasında münaqişə olan kimi hər dəfə zəng edən ATƏT-in Minsk qrupu və digər ölkələrin qarşısına sənəd qoyulması, bu sənəd çərçivəsində ərazilərin tanınmasını istəmək və əlaqələrin qurulmasına razı olmaq aiddir. Onda hesab edirəm ki, proses yerindən tərpənmiş olar”.

Rusiyanın Azərbaycana qarşı apardığı psixoloji müharibəyə gəldikdə isə, partiya sədri bunları deyib:

“Rusiya regionda sülh yaratmaq üçün deyil, regionda öz mövqelərini müdafiə etmək üçündür. O, lazım olanda müharibə başladacaq, lazım olanda masa arxasında əyləşəcək, lazım olanda qoşunlarını təmas xəttinə yerləşdirəcək. Azərbaycan üçün öz maraqlarını müdafiə etmək lazımdır. Rusiyanın etdiklərinə baxmamalıyıq, öz maraqlarımıza köklənməliyik”.

Səxavət Məmməd