!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomatik uğurun növbəti mərhələsi

!Reklam – Yazi

Prezident İlham Əliyevin martın 28-29-da reallaşan Avstriya səfəri haqqında danışarkən, əvvəlcə bir mühüm məqamı xatırlatmaq istərdim. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün ənənəvi formatda keçirilməsi Azərbaycanın diplomatik uğuru idi. Çünki N. Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlardan danışıqlar prosesinin formatının dəyişdirilməsi və Dağlıq Qarabağ separatçılarının danışıqlara cəlb edilməsini əsas şərt kimi irəli sürürdü. Vyanada dövlətimizin başçısı ilə N. Paşinyan arasında keçirilən görüş məhz bu baxımdan diqqət çəkməyə bilməzdi. Təkrar edirəm, bu, Ermənistanın baş nazirinin danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdinin iflasa uğramasının əyani ifadəsi idi.

Yeri gəlmişkən, danışıqlar formatının dəyişdirilməsi ilə bağlı Ermənistanın mövqeyi buna qədər də beynəlxalq qurumlar tərəfindən rədd edilmişdi. Məsələn, bu il martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməzliyini bildirmişdilər. Bundan başqa, Azərbaycanın diplomatik səyi nəticəsində həm ABŞ, həm də Avropa Birliyi Ermənistanın sözügedən məkrli planının əleyhinə ­çıxmışdılar.

Prezident İlham Əliyevin Vyana görüşü, fikrimcə, danışıqlar prosesinə yeni bir təkan verdi. Bunu, görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədlər tərəfindən birgə “3+2” formatında bəyanat verilməsi də aydın göstərir.

Xatırladım ki, həmin bəyanatda vurğulanır ki, görüşün gedişində danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılmışdır. Sülh prosesinin irəliləməsi məqsədilə əlverişli mühitin yaradılması, danışıqlar prosesində münaqişənin həlli üçün konkret addımlar atılmasının vacibliyi xüsusi vurğulanmışdır.

Onu da qeyd edim ki, dövlət başçılarının Vyana görüşü ilə bağlı Bəyanatda atəşkəslə bağlı məsələlər də yer almışdır. Burada atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, eyni zamanda, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərt kimi vurğulanmışdır.

Danışıqlar prosesinin mahiyyətindən bəhs edərkən bir daha diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın mövqeyi bütün dünyaya bəllidir, dəyişilməzdir və birmənalı xarakter daşıyır. Bütün bunlar isə Helsinki Yekun Aktı və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təcavüzkar Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır./Xalqqazeti/

Azər VERDİYEV, 

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

www.yenicag.az

15419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv