Diqqət: Avtobusda itən uşaq valideynlərini tapdı – YENİLƏNDİ

Bakıda marşrut avtobusunda itkin düşən uşaq ailəsinə təhvil verilib.

4 yaşlı Yusifin atası Xamiq Seyidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sulutəpə qəsəbəsində yaşayırlar: “Özüm “Şamaxinka”da işləyirəm, uşağı da gətirmişdim ki, parka apararam. Səhər biraz parkda oynadı, sonra öz yanıma gətirdim. Mən bu ərazidə 5-ci mərtəbədə işləyirəm. Pilləkənləri nə vaxt düşübsə, xəbərim olmayıb. Küçədən marşruta minib deyib ki, Sulutəpəyə gedirəm, avtobus sürücüsü görüb təkdi, polisə təhvil verib.

Oğlumun sudurğası var, həm də dəcəldi. Ona görə nömrəmi kağıza yazıb cibinə qoymuşam, daim orada olur. Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir. Polis əməkdaşları zəng etdilər, gedib götürdüm. İndi uşaq yanımdadır, yaxşıdır”.

***

16:05

Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

Yenicag.az xəbər verir ki, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib.

Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş edirik.