Direktor olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Bu gündən dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə Təhsil Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Həmin şəxslər vakansiya seçimi edərək, 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.

Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.