“Diri-diri yandırdıq” – Ermənilərdən Quqark etirafları… – VİDEO

Quqark Qətliamı 1988-ci ilin 27-29 noyabrında Ermənistanın Quqark rayonunda azərbaycanlılara qarşı soyqırım hadisəsidir.

Quqarkda 21 azərbaycanlı qətlə yetirilib. Onlardan 15 nəfəri diri-diri yandırılıb. 12 nəfəri Barkan kəndində yaşayan azərbaycanlılar idi. Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) Milli Təhlükəsizlik Komitəsindən bu hadisələr barədə məlumat versələr də, Moskva susdu. Noyabr ayında Quqarkda azərbaycanlıların öldürülməsi, evlərinin talan edilməsi və yandırılması bir neçə gün davam etdi. Səbəb də bu idi ki, onlar azərbaycanlı idilər. 7 dekabrda “Nyu York Tayms” qəzetinin yazdığına görə, Ermənistan radiosu Quqark rayonu kommunist partiyasının birinci katibi və rayon sovetinin sədrinin yalnız qırğınlar başa çatdıqdan və azərbaycanlılar bu torpaqlardan tam qovulduqdan sonra öz vəzifələrindən azad edildiyi haqda məlumat verib.

1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı – vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu soyqırımın mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi. Hər tərəfdə birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Azərbaycanlılar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçirilənlər qətlə yetirildilər.

Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət olub.

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-i, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

Bundan başqa, daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.

Həmçinin 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülmüş, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülüb və yaralanmış soydaşlarımızın tam siyahısı deyildir.

Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.

Bir daha Quqark Qətliamına qayıdarsaq, qeyd etməliyik ki, bu vəhşi hadisə Ermənistda da unudulmayıb. Belə ki, Ermənistanın Epress.am saytı bir müddət öncə 1988-ci ildə bu ölkənin Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib. Məqalədə 30 ildir gizli saxlanılan faktlar gün üzünə çıxıb. O vaxt Quqarkda azərbaycanlıların diri-diri yandırılmağının şahidi olan ermənilər ilk dəfə baş verənləri etiraf edib, hadisələri olduğu kimi danışıblar.
Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni kütləvi informasiya vasitələrini şoka salıb. Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib.
Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları, günahsızların necə öldürüldüyünü danışaraq, erməni vəhşiliyini ilk dəfə danmayıblar. Məsələn, həmin vaxtlar Vanadzorda prokuror işləmiş Qriqori Şahverdiyan illərdir gizlətdiyi arxiv sənədlərini üzə çıxarıb. O bildirib ki, 1988-ci ilin mart ayından noyabrına kimi Quqark rayonunda 624 azərbaycanlı milli münaqişə zəmnində əsassız olaraq işdən çıxarılıb. Onların çoxu hədə-qorxu, təqib və hücuma məruz qalıb. Bazarda işləyən azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Şahverdiyanın sənədlərində azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb.
Şahverdiyan ən dəhşətli hadisənin Şaumyan kəndində baş verdiyini deyib. Həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətli qeydə alınıb. Burada azğınlaşmış ermənilər azərbaycanlıları hətta yüksəkliklərdən yerə ataraq ölümə tərk ediblər.
Quqark qırğınından sonra Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirən Samvel Vardanlu adlı erməni isə o vaxt istifadə etdiyi silahları da nümayiş etdirərək, azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.
Şaumyan sakini Stepan Ayvazyan kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını etiraf edib.
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan isə etiraf edib ki, milli münaqişə zamanı qaçıb məktəblərdə gizlənən azərbaycanlılar ermənilər tərəfindən yandırılıblar. Epress.am saytının əməkdaşı Mane Papyanın suallarını cavablandıran “Qarabağ” komitəsinin keçmiş üzvü Artur Sakuns isə bildirib ki, Moskva Prokurorluğu tərəfindən üzvü olduğu komitə də daxil olmaqla, Quqark Qətliamını törədənlər həbs olunsa da, bu, çox çəkməyib və onlar tezliklə azad olunublar.

Qeyd edək ki, ermənilərin də etiraf etdiyi kimi, SSRİ Baş Prokurorluğunun cinayət işi açmasına baxmayaraq təşkilatçılar və qətliamı törədənlər məsuliyyətə cəlb olunmadılar. Onların arxasında Sumqayıt hadisələrində digər cinayətkarlarla birlikdə mühakimə olunan erməni mənşəli Eduard Qriqoryan dayanırdı. Ümumilikdə, 1988-ci il Sumqayıt hadisələrində iştirak edən 96 nəfər müvafiq cəza alıb. Ancaq bir neçə ildən sonra əsas icraçı Eduard Qriqoryan vaxtından əvvəl sərbəst buraxıldı. Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci Baş Prokuroru İsmət Qayıbov (1990-1991) Ermənistanda antiazərbaycan qətliamlarına münasibətdə sovet ədalətinin etinasızlığını qınayırdı. Qayıbovun Azərbaycan ali rəhbərliyinin digər nümayəndələri ilə yanaşı, Rusiya və Qazaxıstan vətəndaşları ilə birlikdə 20 noyabr 1991-ci ildə baş vermiş terror aktında öldürülməsi də məhz bu ədalətsizliyə qarşı çıxmasına görə idi. İsmət Qayıbovun bu hadisələrlə bağlı məşhur müsahibəsi də təqdim edirik.

COP29