Distant təhsilin ASANLAŞDIRILMASI: “Kompyuter əvəzinə planşetdən istifadə…” – Ekspertdən TƏKLİF

“Microsoft”la bağlanan müqaviləyə əsasən, Təhsil Nazirliyi planşetlərə ancaq dərsliklərə aid proqramlar yükləyə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında distant təhsil çərçivəsində təhsil naziri Emin Əmrullayevin də vurğuladığı kompyuter çatışmazlığı problemini dəyərləndirən təhsil eksperti Adil Vəliyev deyib.

Ekspert hesab edir ki, bu problemi şagirdlərin hər birinə kompyuter vermədən də aradan qaldırmaq olar:

“Pandemiyanın ötən ilki tədris sonluğuna yaxın başladığını nəzərə alsaq, əslində, bu il üçün tam hazırlıqlı olmaq lazım idi. Bu istiqamətdə hazırlıq, əsasən, komputerləşmə ilə deyil, distant təhsil üçün zəruri proqramların yükləndiyi planşetlərdən istifadə etməklə həyata keçirilə bilərdi.

Çünki şagirdlər kompyuterlərdən daha çox oyun məqsədilə istifadə edirlər. Lakin planşetlərdə oyun yükləmək üçün zəruri proqram təminatı yoxdur və şagirdlər dərsdən kənar istəkləri üçün ondan yararlana bilmirlər.

“Microsoft”la bağlanan müqaviləyə əsasən, Təhsil Nazirliyi planşetlərə ancaq dərsliklərə aid proqramlar yükləyə bilər. Bununla yanaşı, istənilən mobil operatorla müqavilə bağlayaraq, müəyyən məbləğ qarşılığında internet təminatını reallaşdırmaq olar.

Nəticədə valideynlər də əlavə xərcə düşməyəcəklər. Qeyd etdiyim bu sistem bəzi Avropa ölkələrində həyata keçirilib və özünü doğruldub”.

Gülşən Şərif