Turizm şirkətləri Baş Prokurorluğun bəzi əməkdaşlarının məngənəsində sıxılır.
Yenicag.az-a məhkəmədən daxil olan məlumata görə, “Vacation.az” MMC-nin İcraçı direktoru Babayev Vüqar Zakir oğlu Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsində işləyən Məmmədov Qasım Yasin oğlunu məhkməyə verib.
Bundan əlavə, şirkət rəhbəri Baş Prokurorluğun adıçəkilən əməkdaşının əməlləri barədə ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Redaksiyamıza daxil olan məlumata görə, Baş Prokurorluğun əməkdaşı Qasım Məmmədovun göstərişi ilə bir çox şirkətlərdə əsaslı və əsassız yoxlamalar keçirilib. Nəticədə həmin şirkətlərdən hüquqi sənədlər, kompyuterlər, telefonlar götürülüb, əməkdaşlara ölkədən çıxış məhdudiyyətləri qoyulub.
Məlumata əsasən, Qasım Məmmədov prosessual qaydalara zidd olaraq vəzifə səlahiyyətlərini aşaraq, qeyri-müəyyənlik yaratmaq, bir il yarım müddətində şahid qismində saxlamaq, vəzifəsindən və səlahiyyətlərindən sui-istifadə edərək şəxsi əmlakı götürüb saxlamaq, azad hərəkət etmək üzrə Konstitusiya hüququna məhdudiyyət qoymaq, süni olaraq şirkətin fəaliyyətinə maneələr yaratmaq kimi əməlləri ilə Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etdiyi əsas gətirildiyi üçün məhkəmə qarşısına çıxmalı olacaq.
Əldə etdiyimiz materiallar əsasında qeyd olunan məsələni araşdırdıq. Məlum oldu ki, bu proses 2019-cu ilin noyabr ayından etibarən, davam edir. Hüquq-mühafizə orqanının əməkdaşları 2019-cu il dekabrın 6-da “Vacation.az” MMC-nin ofisinə daxil olublar. Ofisə gələnlərin əlində axtarış aparmaqla bağlı order olub. Məsələ ondadır ki, orderin surətinin çıxarılması ofisə daxil olan iki qurumun əməkdaşlarına təklif olunsa da, onlar bildiriblər ki, sənədi verə bilməzlər. Digər tərəfdən, həmin orderin sənədin əsli deyil, surəti olduğu bildirilir.
Bundan sonra Qasım Məmmədov şirkət rəhbərini öz ofisinə dəvət edib və görüşdə bildirib ki, dövlət başçısı şəxsən özü onu bu məsələni araşdırmağa təhkim edib. Qasım Məmmədov bildirib ki, əllərində ciddi faktlar var. Ancaq o faktları açıqlamayıb. Ötən ilin fevral ayında yenidən şirkət rəhbərinə zəng gəlib. Bildirilib ki, İstintaq İdarəsinə gəlməlidir, üzləşmə olacaq. Şirkət rəhbəri vəkili ilə İdarəyə gedib. Orada Zakir adlı bir şəxslə üzləşmə olub. Üzləşmə zamanı Zakir ifadəsini dəyişmək istədiyini, əvvəlki ifadəsini təzyiq altında verdiyini bildirib. İdarədə olarkən şirkət rəhbərinə bildirilib ki, onun ofisindən heç bir saxta sənəd və dövlət əleyhinə fəaliyyəti təsdiqləyən material tapılmayıb, ofisdən götürülən avadanlıqları tezliklə geri alacaqsınız.
Hadisənin üstündən 2-3 ay keçdikdən sonra ofisdən götürülən kompyuter və telefon geri istənildikdə, Qasım Məmmadov müxtəlif bəhanələr gətirib. Kompyuter və telefonun harada olduğu ilə bağlı məlumat tələb edildikdə isə Qasım Məmmadov bunun dövlət sirri olduğunu deyərək cavabdan yayınıb. Turizm şirkətindən götürülən kompyuterin və telefonun yerinin dövlət sirri kim təqdim olunması isə ayrı bir müəmmadır.
Qasım Məmmədovun bu əməllərindən sonra şirkət rəhbərliyi onu məhkəməyə verib. Məhkəmədə Qasım Məmmədov bildirib ki, Babayev Vüqar saxta sənədlər hazırlayaraq ABŞ və Kanada səfirliyinə təqdim edib. ABŞ səfirliyi təkcə Azərbaycanda yox, dünyanın hər yerində hüquq-mühafizə orqanları ilə sıx əlaqədə olur və istənilən şəxsin verdiyi saxta sənədlə bağlı dövlət qurumları dərhal məlumatlandırılır.
Amma maraqlı və təəccüblü olan budur ki, Azərbaycanda Kanadanın səfirliyi yoxdur. Konkret desək, Bakıda bu ölkənin səfirliyi yox, Kanada-Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Müvafiq sənədlər də həmin cəmiyyətə verilir. Sənədlər cəmiyyətdə toplandıqdan sonra Kanadanın Türkiyədəki səfirliyinə göndərilir. Bütün bunları nəzərə aldıqda, irəli sürülən ittihamların nə qədər əsassız olduğu üzə çıxır. Şirkət isə sənədləri geri qaytarılmadığı üçün fəaliyyətini dayandırmalı olub. Şirkətdən tur paketlər alan vətəndaşlar bununla əlaqədar müraciət etdikdə, bütün kompyuterlər prokurorluqda olduğu üçün şirkət müştərilər qarşısında çarəsiz vəziyyətə düşür.
Məsələ ilə bağlı Qasım Məmmədova məlumat verildikdə isə o bildirib ki, şirkətin narazı müştərilərini ona yönləndirsinlər. Bu hal sadəcə, bir şirkətin başına gəlməyib. Turizm şirkətlərində aparılan araşdırma zamanı xeyli kompyuter, telefon və başqa invertarların götürüldüyü, bundan əlavə, orada işləyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulduğu aşkarlanıb. Araşdırma zamanı məlum olur ki, prokurorluq orqanları əməkdaşlarının apardığı bu sayaq istintaq çox sayda turizm şirkətinin iflas etməsi ilə nəticələnib. Artıq bir çox turizm şirkəti yaranmış vəziyyətdən bezərək ölkə rəhbərliyinə müraciət ünvanlayacağını bildirib.
Mövzunu diqqətdə saxlayacağıq.