Doğma insanların qayıdışının ehtişamını yaşayan Füzuli: 30 illik həsrətin yerində möhtəşəm həyat başlayıb – İsmayıl Bakuvi yazır

Füzuli şəhərinə Bakıdan səhər obaşdan çıxdıq. 

İyulun 2-də səhər saat 5 radələrinə qurduğum zəngli saatın səsinə həyəcanla oyandım. Məni maraqlı anlarına şahid olacağım, gözəlliyinə heyran qalacağım işğaldan azad olunmuş bir şəhərə səfər gözləyirdi.

Ağdam, Füzuli, Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin media nümayəndələri üçün təşkil etdiyi mediaturla Füzuli şəhərinə yollandıq.

Avtobusumuz Füzuliyə doğru hərəkət etdikcə həyəcanım daha da artırdı. Düşünürdüm ki, əgər mənim həyəcanım ürək ritmlərimi bu qədər tətikləyirsə, illər öncə öz doğma torpaqlarından didərgin düşən və illər sonra öz dədə-baba yurdlarına dönən Fuzüli sakinləri necə həyəcanlı və sevinclidir.

Nəhayət, Füzuliyə şəhərinə çatdıq. Yerli sakinlər üçün yaradılan şərait məni özünə valeh etdi. Qeyd edim ki, Füzuliyə bu vaxta qədər 822 ailə öz dədə-baba torpaqlarına qayıdıb. Bu ərazidə əhali üçün qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi, hazırda tikilən 240 yerlik bağça, 180 yerlik tikiləcək xəstəxana, tikilmiş 38 binanın yanında parkın da gözəlliyinə heyran qalmamaq mümkün deyil. Bir sözlə, 30 il insan nəfəsinə, oynayan uşaqların səslərinə, o keçmiş xoşbəxt günlərinə yenidən qovuşmuşdu Füzuli.

Daha sonra yolumuz şəhidlərin öz qanları hesabına aldığı, ən ağır döyüşlərə meydan olmuş Hadrut qəsəbəsinə idi. Bu yerlərə uzanan yollarda insanı ilk qarşılayan əzəmətli dağlar olur. Bu dağlar uğrunda gedən döyüşlər Şuşanın düşməndən azad edilməsinə açar rolunu oynayıb. Bu əzəmətli dağlara baxdıqca gözlərim önündə igid əsgərlərimizin döyüş əməliyyatları canlanırdı. Yurdumuzun azadlığı uğrunda bu torpaqlarda gedən döyüşlərdən qələbə xəbərlərini aldığımız günləri xatırladım.

Öz doğma sakinlərinin yolunu gözləyən bu qəsəbə sanki yurddaşlarımızın məskunlaşması üçün səbrsizlənirdi. Hadrut o gözəl növrağın yenidən başlaması üçün qurulan meydana bənzəyirdi. Burada hazırda fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Dövlət tərəfindən torpaq-söküntü işləri artıq bitib. 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq. Əminəm ki, Hadrut da 30 ildir həsrət qaldığı və yolunu gözlədiyi öz əhalisinə tezliklə qovuşacaq.

İsmayıl Bakuvi
Bakı-Füzuli-Hadrut

COP29