“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan edilən “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrası davam edir.

Yenicag.az xəbər verir ki, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən layihənin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olma qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Layihə çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradılmış və indiyədək ümumilikdə 10 görüş keçirilib.

Görüşlər əsasında lüğətdə qeyd ediləcək söz və söz birləşmələrinin siyahısı hazırlanmış və uyğun jestlərlə təsvir edilməsi müzakirə edilib. Ümumilikdə 2500 söz və söz birləşməsi təsdiq edilib.

Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların jest dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.