Doğma yurdlara 30 il sonra başlayan QAYIDIŞ: “Bərpa-yenidənqurma işlərinin sürətlə aparılması…” – Millət vəkili
“Məcburi köçkünlərin qayıdış prosesi sürətlə davam edir və bu sahədə sistemli iş aparılır”.
Bu fikirləri məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesinin könüllü xarakter daşıması haqda danışan Milli Məclisin deputatı Elşən Musayev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, qayıdış prosesində hər hansı məcburiyyətdən söhbət gedə bilməz:
“Biz Azərbaycan xalqı olaraq, düz 30 il Qarabağa qayıdışı gözləmişik və bu gün həmin arzumuz reallaşıb.
Öz doğma torpaqlarına geri dönən soydaşlarımızın əhval-ruhiyyəsindən də açıq-aydın görmək mümkündür ki, onlar necə həvəslə və sevə-sevə öz əzəli yurdlarına qayıdırlar. Bu proses heç şübhəsiz, mərhələ-mərhələ həyata keçiriləcək.
Eyni zamanda, olduqca sürətli şəkildə aparılan tikinti, bərpa-yenidənqurma işləri imkan verəcək ki, dəyərli soydaşlarımız öz ata-baba ocaqlarına tez bir zamanda qovuşsunlar.
Bildiyim qədər, artıq bütün rayonlar üzrə müvafiq qeydiyyat işləri aparılıb və insanlara da bu barədə məlumat verilib. Ancaq qayıdış prosesində hər hansı məcburiyyətdən söhbət gedə bilməz”.
Nuray Məmmədzadə