“Allahıma təşəkkür edirəm ki, ömrümü hədər yaşamamışam”.
Bu sözləri Xalq artisti, “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimov doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
“Artıq üçüncü gündür ki, telefonlarım susmur, təbriklər gəlir, dostlar, tanıdığım, tanımadığım insanlar tərəfindən o qədər xoş sözlər eşidirəm ki… Allahıma təşəkkür edirəm ki, ömrümü hədər yaşamamışam. Xalqımızın hörmətini qazanmışam. Təşəkkür edirəm xalqımıza. Çünki bizi bu zirvəyə qaldıran xalqımız, sənətimizdir. Biz də çalışmışıq milli musiqimizi layiqincə həm xalqımıza çatdıraq, həm də bütün dünyada təbliğ, təmsil edək. Həm də gənclərimizə aşılayaq ki, yeni nəsil yetişdirək”.
“Bu gün sənət aləmində hörmət-izzəti qoruyub saxlamaq asan deyil, illərdir, bu hörmət, sevgini qoruyub saxlamısınız, çətin olmayıb ki” sualını da cavablandırıb:
“Ailədə gördüyüm tərbiyədən irəli gəlir Çünki gözümü açıb belə tərbiyə görmüşəm. Oxuduğum musiqi janrı elədir k, muğam özü elə bir əxlaq, tərbiyədir. Mən də çalışmışam ki, bütün bu mənəvi-əxlaqi dəyərlərə əməl edim. Xarakterim də buna uyğun olduğuna görə mənim üçün çətin olmayıb. Sadəcə olaraq, bu sosial şəbəkələr və müəyyən məqamlarda bəzən çalışıb, insanı bir söhbətə, qarşıdurmaya çəkmək istəyirlər. Hər zaman çalışmışam belə məqamlardan kənarda qalım, işimlə məşğul olum. Gənclərə də həmişə bunu məsləhət edirəm ki, çalışın, işinizlə, sənətinizlə məşğul olun, boş-boş dedi-qodulara, haqlı və haqsız tənqidlərə fikir verməyin. Çünki həmişə olub, olacaq da. İşləməyən insanın belə şeylərə vaxtı olacaq. Amma işləyən adamın vaxtı yoxdur ki, hansısa dedi-qodulara qoşulsun. Sənət insanı ucaldır, yolunu açır, həyatda nəyə nail olmuşamsa, muğamatımızın, sənətimizin sayəsində, Allahın mənə verdiyi istedadın sayəsində qazanmışam. Dövlətimə və xalqıma minnətdaram”.
Cəvahir