“Ümidim yox idi ki, bu yaşa gəlib çata bilərəm. Buna görə Allahıma minnətdaram”.
Bunu doğum gününü qeyd edən tanınmış aktyor, Xalq artisti Hacı İsmayılov təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.
81 yaşını tamamlayan aktyor cavan qalmasının sirrini də açıqlayıb:
“Rəqəmlərin mənim üçün əhəmiyyəti böyükdür. Bu yaşa gəlib çatmışam, hər adama nəsib olmur. Bu gün 81 yaşım tamam olur. Ümid etmirdim ki, bu yaşa gəlib çatım. Bu da Allahın mənə bir lütfüdür. Buna görə ona minnətdaram. Formada qalmağımın sirrinə gəlincə, hər zaman idmanla məşğul olmuşam. Aktyor olmasaydım, mükəmməl bir idmançı olardım. Amma içimdəki aktyorluq sevgisi idmana olan məhəbbətimə qalib gəldi. İllərimi bu peşəyə həsr etdim və çox xoşbəxtəm”.
Sənətçi indiyə qədər arzuladığı, amma oynamadığı rolların olmadığını bildirib. O, hətta özünəbənzəyən obrazından da danışıb:
“Arzuladığım çox rolları oynamaq mənə qismət olub. Amma tamaşaçılar məni “Həm ziyarət, həm ticarət” filmindəki Mustafa ilə kəşf etdilər. Mustafa obrazı ilə çox sevildim. Doğum günümdə tamaşaçılarımdan aldığım bu təbriklər məni yaşadır. Demək ki, ömrü elə-belə yaşamamışam”.
Cəvahir