Azərbaycan Milli Elmlər Akademiyası doktorantuya qəbul prosesinin iyul – avqust-sentyabr aylarında aparılması, doktorantura təhsilinin isə tədris ilinin əvvəlindən – sentyabrdan başlanılması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
Yenicag.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, əvvəl doktorantura və dissertantura üzrə qəbul prosesi dekabr ayında bitirdi. Tədris prosesi isə təqvim ilinin əvvəlindən başlanılırdı. Amma son 2-3 ildə qəbul planı bir qədər gec təsdiqləndiyindən proses yubanır:
“Buna görə də son 2-3 ildə qəbulu yanvar-fevral aylarında həyata keçiririk. Bundan sonra onların mövzularının, elmi rəhbərlərinin müəyyənləşdirilməsi barədə qərar qəbul olunur. Bununla əlaqədar tədris təxminən aprelin 1-dən başlayır. Bu il doktorantura və dissertantura üzrə təhsilin qəbul nəticələri təsdiq edildikdən sonra – təxminən aprelin 1-dən başlayacağı gözlənilir. Ancaq bu, bir az narahatlıq yaradır”.
Ə.Sadıqovun sözlərinə görə, qəbul prosesinin gec həyata keçirilməsinin yaratdığı çətinlikər bu halda magistraturanı bitirmiş oğlanların vaxtla əlaqədar hərbi möhlət və doktoranturaya qəbul müraciəti hüquqlarından istifadə edə bilməməsi olub:
“Biz bu narahatlığı nəzərə alaraq, Nazirlər Kabinetinə müraciət etmişik. Sənəd yəqin ki. təsdiq olunma mərhələsindədir. Bu sənəd təsdiq edildikdən sonra oğlanlar magistraturanı bitirən kimi doktoranturaya sənəd vermək imkanı qazanacaqlar”.
Ə.Sadıqov təkliflərinin artıq bütün maraqlı tərəflərlə, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırıldığını da nəzərə çatdırıb.O, bu təkliflərinin 2021-ci ildə reallaşacağını da söyləyib.