Dollara qarşı alternativ VALYUTA – Yeni sistem axtarışı gündəmə gəlir

“Tramp, əslində, ABŞ üçün daha təhlükəli təhdid sayılan Çinə qarşı mübarizəni gücləndirmək istəyir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın Rusiya və İrana qarşı sanksiyaların dolların nüfuzuna mənfi təsiri ilə bağlı bəyanatını qiymətləndirən iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Trampın dediklərində həqiqət var, sanksiyalar dolların nüfuzuna zərbədir.

“Rusiya, İran və Çin kimi ölkələr işlərini etibarlı tutmağa çalışır. Son illər qızılın kəskin bahalaşmasının səbəblərindən biri də məhz dollar və avro vasitəsi ilə Rusiyaya tətbiq edilən sanksiyalardır. Hökumətlər ABŞ və Avropanın öz valyutalarını qılınc kimi istifadə etdiyini görürlər. Bu da alternativ sistemləri axtarmağı zəruri edir”, – deyə o qeyd edib.

İqtisadçı əlavə edib ki, Rusiya-Azərbaycan ticarətində dolların payı 70%-ə qədər artıb.

“Eyni zamanda, Çin Rusiya ilə dollardan kənar ticarəti artırıb. Həmçinin bu halı Hindistan-Rusiya ticarətində də müşahidə etmək mümkündür. BRİKS-in məqsədi elə dollara qarşı alternativ valyutanı irəli sürməkdən ibarətdir.

Sadalanan amillər nəzərə alındıqda Trampın ağıllı addım atmaq istədiyi görünür. O, əslində ABŞ üçün daha təhlükəli təhdid sayılan Çinə qarşı mübarizəni gücləndirmək istəyir. Çünki Rusiya və İranı real təhlükə hesab etmir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29