Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dollarda qəfil ucuzlaşma baş verir?

neft32-dolla5435345rEkspertlər bildirirlər ki, manatın sabitləşməsi barədə gözləntilər reallığa uyğun deyil, çünki…

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi gələn həftənin birinci gününə 1,6411 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar cümə günü 1,6456 manata bərabər olub. Dollar son iki həftə ərzində ardıcıl bahalaşdıqdan sonra ilk dəfə qəfil cuzi ucuzlaşıb. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşmalıdır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Bankın marjasına əsasən banklar dolları 1,70 manatdan baha sata bilməzlər. Ekspertlər isə bildirirlər ki, dolların uzun müddətdən bəzi ilk dəfə ucuzlaşması manatın sabitləşməsi barədə fikirlər yaratsa da, bunlar əsaslı deyil.

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı müsavat.com-a bildirib ki, manat sabitləşmə ərəfəsində deyil: “Çünki hazırda manatın məzənnəsinin formalaşmasında yenə də inzibati yollardan istifadə edilir. Belə ki, Mərkəzi Bankın banklara təlimatında göstərilir ki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnənin dörd faizində hansı qiymətə banklar alqı-satqı etsin. Yəni göstərilir ki, hansı həddə xarici valyutanın alqı-satqısını həyata keçirə bilməzlər. Buna görə də bankların müəyyənləşdirdiyi məzənnə bu çərçivədə olur. Amma qara bazarda bu məzənnə daha yüksəkdir. Nəzərə alsaq ki, son günlər bankların valyuta satışında azalmalar müşahidə olunur. Bu, qara bazarlara meyli artırır. Qara bazarda məzənnə daha yüksəkdir. Ümumiyyətlə götürəndə manatın məzənnəsinin sabitləşməsi fikri ilə razı deyiləm. Bundan sonrakı durum ərzində manata təzyiqlər davam edəcək. 2016-cı il ərzində Azərbaycanın xarici valyuta daxil olmaları xarici valyutaya tələbi ödəmək iqtidarında deyil. Mərkəzi Bankın proseslərdə iştirakçılığı çox zəif, aşağı səviyyədə müşahidə olunur. Rezervlərin minimum həddə qədər azalması artıq son on gündə də hiss olunmaqdadır. Bunun fonunda Neft Fondu bazarda passiv şəkildə iştirak edir. Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirməsi məqsədilə bundan sonrakı dövrdə ən yaxşı halda 4 milyarda qədər xarici valyutanı bazara çıxarması gözlənilir. Bütövlükdə götürəndə manatın məzənnəsinin sabitləşməsi mümkün deyil. Manat normal iqtisadi şərtlər daxilində bundan sonrakı dövrdə öz dəyərini zaman-zaman itirməlidir. Amma burada bir müstəsna hal ondan ibarət ola bilər i, hökumət hansısa formada ciddi borclanmaya gedə bilər. Bunun hesabına daxili bazarlarda manatın müəyyən qədər sabitləşməsinə dəstək göstərilə bilər”.

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer artırıldıqdan sonra digər xərcləri ilə birlikdə 8 milyarda yaxınlaşıb. Belə olan halda ARDNF ay ərzində valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək.

“Çünki 2016-c il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri 1 ay ərzindən 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır. Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar təşkil edib. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə isə cəmi idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, yenə də bu il üçün idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə cari ildə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq Bununla yanaşı, hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır. Bundan əlavə, xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya olan orta aylıq tələbat ən azı 1 milyard dollar təşkil edəcək ki, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun da üçdə biri Dövlət Neft Fondu hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır. Mərkəzi Bankla yanaşı bu yöndə olan xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) olsa da, hazırda ARDNŞ-nin özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılamaq sahəsində çətinlikləri mövcuddur. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Ona görə də “manatın başı üzərində qara buludlar” qalmaqdadır və onun sabitləşməsi ilə bağlı son bəyanatlar siyası məqsədlərə xidmət edir. İqtisadi gerçəklik isə narahatçılıq üçün ciddi əsaslar yaradır”,- deyə ekspert vurğulayıb.

Ekspert Əkrəm Həsənov isə musavat.com-a deyib ki, manatın sabitləşməsindən danışmaq hələ tezdir: “Biz bunu yalnız o zaman deyəcəyik ki, dövriyyədə kifayət qədər milli valyuta olsun. Lap çox olsun, amma buna baxmayaraq dollara dəyişdirilməsin. Bu halda deyə bilərik ki, manat sabitləşdi. Hələ bunu demək və gözləmək tezdir. Məncə, may, iyun aylarından tez bunu demək mümkün deyil. Hələ ki, bu gün vətəndaş banka gedir, deyir ki, dollarla borcunu bank milli valyutaya çevirsin. Bank deyir ki manatım yoxdur, bunu etmir. Banklar bunu etmirsə, deməli problem qalıb. Yəni nə zaman vətəndaş pulunu dollardan manata tam sərbəst çevirə bilərsə, manatın sabitləşdiyini söyləmək olar. Deməli, banklar bunu etmirsə, devalvasiya qorxusu var, ona görə etmirlər. Mənim üçün meyar odur”.

Qeyd edək ki, martın 15-də ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FES) növbəti toplantısı olacaq.

Mütəxəssis və investorların ümumi yanaşması ondan ibarətdir ki, FES faiz artımı ilə bağlı hər hansı qərar verməyəcək. Rəşad Həsənovun sözlərinə görə, faizlərin azaldılması ehtimalı da aşağıdır: “Hazırda valyuta bazarlarında stabillik hiss edilməkdədir. Xüsusilə də ABŞ iqtisadiyyatına daxil olan müəyyən göstəricilər, işsizlik səviyyəsinin minimum həddə qədər azalması kimi müsbət simptomlar, həmçinin, inflyasiya səviyyəsinin gözlənilən hədəflərin aşağısında olması prosesdə bir balans yaradır. Bu isə FES üzvlərinin mart toplantısında hər hansı dəyişikliklə bağlı qərar qəbul etməyəcəyi ehtimalını gücləndirir. Yəni FES-in qərarı dolların məzənnəsinə ciddi təsir göstərməyəcək. Hətta bu toplantıdan sonra dolların məzənnəsində kiçik faizlərlə azalmalar müşahidə ediləcək”. /Musavat.com

www.yenicag.az

748