“Dollardan imtina çağırışı psixoloji təsir məqsədi daşıyır” – İqtisadçı

“Dünya ölkələri strateji məhsullarının satışında hələ ki dollardan istifadə etməyə məcburdurlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın sanksiyaları ilə üz-üzə qalan Türkiyə, Rusiya, Çin və İran kimi ölkələrdə qarşılıqlı ticarətdə dollardan imtina edərək, milli valyutalarla hesablaşmaq çağırışlarına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

Vüqar Bayramovun fikrincə, mövcud şərait ticarət əlaqələrində dollardan imtinaya hələ ki imkan vermir:

“Adətən Türkiyə, Rusiya, Çin və İran kimi ölkələr tərəfindən mütəmadi olaraq, dollardan imtina və ticarətin milli valyutalarla aparılması kimi çağırışlar səslənir. Bu baxımdan, Rusiya maliyyə naziri Siluanov tərəfindən tərəfdaş ölkələrlə ticarətdə dollardan imtina edərək, avro və ya Çin yuanına keçilməsinin zəruruliyinə dair bəyanatın verilməsi gözlənilməz deyil.

Amma reallıq tamam başqadır və ortadakı gerçəklik ondan ibarətdir ki, Rusiyanın, o cümlədən digər dövlətlərin dollardan imtina edərək, ticarətdə milli valyutalara keçmələri mümkün görünmür. Ola bilər ki, Rusiya bəzi qonşu ölkələrlə ticarətdə rublla hesablaşmanı təmin edə bilsin. Lakin böyük mənada ticarət dövriyyəsində milli valyutalara keçid imkan xaricindədir.

Dollardan imtina çağırışı əsasən, psixoloji təsir məqsədi daşıyır. Hətta dövlətlər arasında milli valyutalarla ticarətin aparılması razılaşdırılsa belə, yenə də biznes təmsilçilərinin dollara ehtiyacı olacaq. Çünki ticarətdə hansısa milli valyutadan istifadə edilsə də, iş adamları rubl və ya lirə almaq üçün hökmən dollardan istifadə etməli olacaqlar. O cümlədən, sıravi vətəndaşları da bu sıraya aid edə bilərik.

Həmçinin nəzərə almaq lazımdır ki, dünya ölkələri strateji məhsullarının satışında hələ ki dollardan istifadə etməyə məcburdurlar. Bu kontekstdən baxdıqda, düşünmürəm ki, yaxın vaxtlarda Rusiya daxil olmaqla qonşu ölkələr dollardan imtina edə bilsinlər. Düzdür, yenə də buna bənzər təşəbbüslər olacaq. Ancaq hələlik həmin təşəbbüslərin reallaşmaq ehtimalı aşağıdır”.

ELÇİN

COP29